Nazirlər Kabinetinin buğda ilə bağlı qərarı çörəyin qiymətinə necə təsir edəcək?

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti tərəfindən ərzaqlıq buğdanın dövlət alış (tədarük) qiyməti müəyyənləşib. Dövlət Ehtiyatları Agentliyi kabinetin müəyyənləşdirdiyi keyfiyyət standartlarına uyğun olan buğdanın hər tonuna 580 manat ödəyəcək.

Metbuat.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bildirib ki, bu qərarla buğdanın istehsalı istiqamətində müsbət addımlar atılacaq:

"Son illər dövlət tərəfindən buğdanın alış qiymətində artımlar müşahidə olunur. Buğdanın hər tonuna görə dövlət fermerlərə son illər daha çox vəsait ödəyir. Belə ki, ötən illə müqayisədə buğdanın dövlət alış qiyməti 14 faiz artırılır. 2021-ci ildə 1 ton buğdaya görə 500 manat ödənilirdi. 2020-ci ildə bu göstərici 380, pandemiyadan əvvəlki il isə 300 manat olub. Bütövlükdə, 2019-cu il ilə müqayisədə buğdanın dövlət alış qiyməti bu il 50 faizə yaxın artırlır.

Qərar fermerləri buğda istehsalına təşviqi məqsədi daşıdığı üçün bu taxıl yetişdirilməsinə marağı daha da artıracaq. Rusiya-Ukrayna müharibəsi fonunda strateji ərzaq və xüsusən taxıl ilə təminatda idxaldan asıllılığın aradan qaldırılması daha da prioritetləşib. Bu il müşahidə olunan qlobal buğda qıtlığının gələn il də davam edəcəyi gözlənilir. İxrac həciminə görə dünyada ilk beşliyə daxil olan Ukrayna fermerləri çox az ərazilərdə ilkin şumlama işləri apara bilib".

Vüqar Bayramov buğda ehtiyatlarının artırılması ilə bərabər yeni idxal mənbələrinin də tapılmasının tərəfdarıdır. Məqsəd isə çörəyin qiymətini optimal saxlamaqdır:

"Son qərarın buğda ehtiyatlarımızın artırılmasına müsbət təsir edəcəyi gözlənilir. Bununla yanaşı, yaxın illər üçün yeni idxal mənbələrinin tapılması da çox vacibdir. Taxıl ehtiyatlarının artırılmasında digər məqsəd çörəyin qiymətinin optimal saxlamaqdan ibarətdir. Dünya bazarında taxılın qiymətindəki artımlar idxal infilyasiyasi yaradır. Nazirlər Kabineti isə anti-infilyasiya tədbirləri çərçivəsində dünya bazarındakı qiymət artımlarının təsirlərini minimumlaşdırmağa çalışır. Aydındır ki, çörəyin qiymətinin optimal olması üçün ən uyğun yol idxaldan asılılığın azaldılmasıdır. Bütövlükdə, subsidiyalar məbləği fonunda taxılın dövlət alış qiymətinin artırılması və hər il Nazirlər Kabineti tərəfindən tənizmlənməsi yerli istehsalın gücləndirilməsinə dəstək olacaq".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR