“Diplomatik Star” jurnalı: “20 Yanvar: Müstəqilliyə aparan qanlı yol”

“Diplomatik Star” jurnalı: “20 Yanvar: Müstəqilliyə aparan qanlı yol”
11:48 19 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+


İslamabad, 19 yanvar, AzərTAc
Pakistanın “Diplomatik Star” jurnalında tanınmış jurnalist Möhsin Əlinin “20 Yanvar: Müstəqilliyə aparan qanlı yol” adlı məqaləsi dərc olunub.
Məqalədə 1980-ci illərin ikinci yarısında erməni millətçilərinin Sovet İttifaqında yaranan gərgin vəziyyətdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ vilayətini Ermənistana birləşdirmək niyyətlərini və bu məkrli planın həyata keçirilməsi üçün keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun dəstəyini aldıqları bildirilir. Ermənistanda həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində 80–ci illərin sonunda 250 min azərbaycanlının öz ata-baba yurdlarından zorla qovulduğu, 200-dən artıq insanın amansızlıqla qətlə yetirildiyi diqqətə çatdırılır. Buna etiraz olaraq azərbaycanlıların Bakı və digər şəhərlərdə meydanlara axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi və Azərbaycana müstəqillik verilməsi şüarları ilə çıxışlar etdikləri vurğulanır.
Müəllif 1990-cu il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun böyük kontingentinin Bakıya daxil olması və silahsız insanlara atəş açması haqqında məlumat verir, bu aksiyanın SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəalarına zidd olduğu vurğulanır. M.Əli yazır ki, əməliyyatdan əvvəl Azərbaycan televiziyasının enerji blokunun partladılması nəticəsində insanlar informasiyadan məhrum edilib, ordunun atəş açmasından və insanların qırılmasından 7 saat sonra fövqəladə vəziyyət elan edilib. Bildirilir ki, əməliyyatın əsl məqsədi müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək olub.
Məqalədə vurğulanır ki, o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gedərək faciəni törədənləri pisləyib və buna görə məsuliyyəti bilavasitə keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçovun daşıdığını söyləyib. Yazıda şəhidlərin dəfn mərasimində bir milyondan çox insanın iştirak etdiyi və bununla da Azərbaycan xalqının SSRİ rəhbərlərinə meydan oxuduğu vurğulanır.
Qeyd edilir ki, 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixində dönüş nöqtəsi və sovet ittifaqının süqutunun başlanğıcı olub və 1991-ci il oktyabrın 18-də Azərbaycan öz müstəqilliyini elan edib. Faciənin qurbanlarına Azərbaycan Prezidenti Heydər Əliyevin 1999-cu il 16 dekabr tarixli Fərmanı ilə “20 Yanvar şəhidləri” statusu verildiyi bildirilir.
Məqalənin sonunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsinə su təchizatı layihəsinin icra edildiyi də diqqətə çatdırılır.

Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
İslamabad

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR