"Həyat yoldaşım oğlan istəyir, ona görə mütləq oğlum olmalıdır" -

Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. Əhali sayına görə 233-cü yerdə dayanan 10 milyonluq ölkəmiz qat-qat yüksəkdə olan Çin, Hindistan kimi ölkələri belə geridə qoyub.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir.

Dövlət Statistika Komitəsindən Metbuat.az-ın soruğusuna cavab olaraq bildirilib ki, 2021-ci ilin rəqəmlərinə görə, ölkədə 60184 oğlan, 52100 qız uşağı dünyaya gəlib. Həmçinin cari ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 29179 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,8 təşkil edib. Doğulanlar arasında cins nisbəti oğlanlarda 53,1 faiz, qızlarda isə 46,9 faiz olub.

Ginekoloq Təranə Həsənova da təsdiqləyir ki, həkimlərə selektiv aborta görə müraciət edənlərin sayı çoxdur. Hətta həkimlər belə pasiyentəri fikirlərindən daşındırmaq üçün səy göstərsələr də, bu seçimdən dönməyən şəxslər olur:

“Pasiyentlərim arasında oğlan övladı olsun deyə abortu seçənlər və ya əksinə seçim üçün müraciət edənlər olur. Müşahidələrimə görə, oğlan övladı istəyənlərin sayı qız istəyənlərin sayından çoxdur. "Həyat yoldaşım oğlan istəyir, ona görə mütləq oğlum olmalıdır”, “Özüm istəyirəm ki, oğlan olsun. Buna görə nə qədər lazımdır abort etdirəcəm” deyənlər var. Mən düşünürəm ki, hazırda qadınlar oğlan uşağına üstünlük verməklə kişiləri üstələyiblər. Hər birini fikrindən daşındırmağa cəhd etmişəm. Qəbul edən də olub, etməyən də. Şübhəsiz ki, burada gündəlik məsələlər də durur – qazanc, sosial vəziyyət”.

Təranə Həsənova

Media eksperti Aynur Veysəlova saytımıza açıqlamasında bildirdi ki, hazırda cins nisbəti normadan 2 dəfə çoxdur. Bu problem həllini tapmasa, gələcəkdə demoqrafiyaya ciddi mənfi təsir dəyəcək:

"Əfsuslar olsun ki, Azərbaycan cins nisbətinin pozulduğu ölkələr sırasındadır. Biz statistikaya baxsaq, görərik ki, 90-cı illərdən etibarən doğulan uşaqlar arasında cins nisbəti dəyişib. Artıq 2021-ci ildə bu, daha da dərinləşib. Azərbaycanda 100 qıza 115 oğlan düşür. Bu isə normadan 2 dəfə çoxdur. Normaya əsasən hər 100 qıza 106-107 oğlan düşməlidir. Gender əsaslı seçimlə oğlan uşaqlarına verilən üstünlük cəmiyyətdə balansın pozulmasına gətirib çıxara bilər. Bu isə ölkənin demoqrafik, cins strukturuna mənfi təsir göstərəcək. Gələcəkdə baş verə biləcək problemlərin qarşısını almaq üçün indidən tədbirlər görülməlidir. Burada insanların düşüncəsinin dəyişilməsi də mühüm məsələdir. Həmçinin medianın da rolunu da qeyd etməliyik. İnsanlar televiziya, radio, sosial mediada maariflənirlər. Hər birimiz çalışmalıyıq ki, ailədəki qız uşağına dəyər verilsin, qız heç vaxt ailə üçün yük deyil, bir zinnətdir. Biz çalışmalıyıq ki, oğlan və qız uşaqlarının arasında ayrıseçkilik olmasın.

Bu baxımdan Azərbaycan Hökuməti problemin həlli istiqamətində mühüm işlər həyata keçirir. Elə 2014-20-ci illəri əhatə edən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair” dövlət proqramı təsdiq olunub. 2020-2025-ci illəri əhatə edən doğulan uşaqlar arasında cins nisbətinin qarşılanması istiqamətində tədbirlər planı təsdiq olunub. Eyni zamanda əhalinin maarifləndirilməsi rolunda mühüm tədbirlər həyata keçirilir. BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi hökumətə mühüm dəstək verir".

Aynur Veysəlova: "Valideynlər bu məsələlərə ciddi diqqət ayırmalıdırlar"

Aynur Veysəlova

Psixoloq Azad İsazadə isə bu problemin həlli yolunu qoyulan ciddi qanunlarda görür:

"Əslində, qanunvericiliklə abort etmək istəyənlər səbəb göstərməlidir. Amma selektiv abortda bir səbəb var: ya qız övladı istənilmir, ya da oğlan. Bu isə abort üçün səbəb deyil. Rastlaşdığımız hallar, məncə, görünən tərəfdir. Görünməyən tərəflər çoxdur. Sözsüz ki, bu problem həll oluna bilmir. Aparılan mübarizələrdə qadağalar olmalıdır, amma ciddi şəkildə. Məsələn, tibbi qərarda tək həkim yox, komissiya qərar versin, abort nəzarətə alınsın, paralel olaraq təbliğat aparılsın".

Azad İsazadə: “Susuruq, çünki bizi eşidən, anlayan olmayacaq”

Azad İsazadə

Psixoloq nümunə üçün deyir ki, Sovet vaxtı hər kəs plastik əməliyyat edə bilmirdi. Bu istəyi əsaslandırmaq lazım idi:

"Psixiyatrdan arayış gətirilməli idi ki, xəstə bu qərarı anlaşıqlı şəkildə alıb. Deməyim odur ki, abortda da bununla bağlı xüsusi komissiya olmalıdır. Dünyada elə ölkələr var ki, hətta abort qadağan edilib. Əgər bir qadın belə bir seçim edirsə, onda bunu əsaslandırmalıdır. Düşünürəm ki, bununla bağlı qaydalar olmalı və ciddi nəzarət yaradılmalıdır.

Qeyd edim ki, elə ailə var ki, 4-5 qız var. Amma ailədə nəsə münaqişə yaranmayıb. Elə ailə də var ki, qız övladı olan kimi münaqişə yaradır. Abort belə ailə münaqişələrində ancaq görünən tərəfdir, yəni baş verən münaqişələr üçün önəmli səbəb deyil".

Gülər Seymurqızı

Yazı Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda yazılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR