Salyanın içməli su şəbəkəsi yenidən qurulur

"Azərsu" ASC Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Salyan şəhərində içməli su şəbəkəsini yenidən qurur.

Metbuat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, yeni layihənin icrasına qədər Salyanda 1950-70-ci illərdə yaradılmış içməli su təchizatı sistemləri istismarda olub. 2016-cı iləd qədər mövcud olmuş 70 km içməli su şəbəkəsi şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. Mərkəzləşdirilmiş içməli su şəbəkəsi olmayan ərzilərdə sakinlər suyu əsasən daşıma yolu ilə əldə edir və ya suvarma kanallarının suyundan istifadə edirdi.

2016-cı ildə Şirvan-Muğan qrup su kəmərindən şəhərə 9 km uzunluğunda yeni xətt çəkilərək şəhər şəbəkəsinə birləşmə verilib. Bundan sonra mərhələlərlə şəhərin içməli su şəbəkəsinin yenidən qurulmasına başlanılıb. Ötən müddətdə Salyanda və şəhər mərkəzinə yaxın Babazanlı və Gilan yaşayış massivlərində içməli su şəbəkəsi yaradılıb. Hazırda şəhərin digər ərazilərində içməli su şəbəkəsinin tikintisi davam etdirilir.

İndiyə qədər Salyan şəhərində inşası nəzərdə tutulan 139 km içməli su şəbəkəsinin 125 kilometrlik hissəsi tikilib. Şəbəkənin qalan hissəsinin tikintisi isə ilin sonuna qədər tam başa çatdırılacaq.

Layihəyə əsasən, Salyan şəhərində 123 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulub. Ötən müddətdə şəhərin mərkəzi hissəsində 5 km kanalizasiya şəbəkəsi yaradılıb, mövcud kanalizasiya nasos stansiyası bərpa edilib və 4,7 km uzunluğunda təzyiqli kanalizasiya xətti yenisi ilə əvəz olunub. Tullantı su şəbəkəsinin yenidən qurulması işləri mərhələlərlə davam etdiriləcək.

Salyan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək. Salyan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 35 min nəfər sakin faydalanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR