Bu il minalardan və partlamamış hərbi sursatlardan zərər çəkənlərin sayı

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən şəxslərin vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

Metbuat.az-a ictimai birliyin mətbuat xidmətindən verilən məlumata görə, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin iyul ayında 3 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Nəticədə ikisi mülki şəxs olmaqla üç nəfər mina partlamasından yaralanmışdır. Hadisələrin ikisinə tank əleyhinə mina səbəb olub.

2022-ci ilin iyul ayında hadisələr Xocavənd, Cəbrayıl və Kəlbəcər rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2022-ci ilin ilk yeddi ayında 38 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır ki, bunlardan da 2 nəfəri kasetli silah partlamasından olmaqla 3 nəfəri həlak olub.

2020-ci il noyabrın 10-dan 2022-ci il avqustun 1-dək minaların və partlamamış hərbi sursatların partlaması ilə bağlı 102 mülki şəxs zərər çəkib. Nəticədə 32 nəfər həlak olub, 70 nəfər yaralanıb.

Bütün rəsmi strukturların və vətandaş cəmiyyəti təsisatlarının mütamadi çağırışlarına baxmayaraq hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi növbəti dəfə mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar. İnfrastruktur layihələrinin və kənd təsərrüfatı işlərinin yerinə yetirilməsinə cəlb olunmuş vətandaşlarımız isə verilən təlimatlara ciddi əməl etməli və heç bir özfəaliyyətlə məşğul olmamalıdırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR