"Qisas" əməliyyatının davamının gələcəyi istisna deyil - Ekspertdən AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıb. Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılması təmin edilməlidir.

Siyasi şərhçi Kənan Novruzov deyir ki, İlham Əliyev əvvəllər də dəfələrlə bu barədə tənqidi fikirlərini səsləndirmişdi. Bu onu göstərir ki, Azərbaycan 10 noyabr tarixli sazişin icrasında olduqca israrlıdır.

"Şübhəsiz ki, bu, həm Ermənistana, həm də vasitəçi Rusiyaya mesajdır. Son günlər Qarabağda baş verən hadisələr, o cümlədən Ermənistanın təxribatları terrorçuların bölgədəki sabitlik üçün təhdid olduğunu göstərir. Rusiya mütləq bunu görməli və lazımi tədbirlər görməlidir. Sülhməramlılar öz öhdəliklərini yerinə yetirərək qanunsuz erməni silahlı birləşmələrini ərazidən çıxarmalıdır. Rusiyanın bunu etməməsi tərəflər arasındakı etimad mühitinə zərbə ola bilər. Ən yaxın zamanda azərbaycanlıların Qarabağa köçünün baş tutması gözlənilir. Orada erməni terrorçularına mövcudluğu isə buna mane ola bilər. Deməli, terrorçuların ərazilərdə qalması heç bir halda bizim maraqlarımıza uyğun deyil".

Prezident İlham Əliyev, həmçinin diqqətə çatdırıb ki, bölgədəki gərginliyə görə Ermənistan məsuliyyət daşıyır. Ekspert hesab edir ki, İrəvan mütləq bu mesajlardan dərs çıxarmalı, təxribatçı hərəkətlərini dayandırmalıdır. Əks halda "Qisas" əməliyyatının davamının gələcəyi istisna deyil.

"Biz BMT-nin dörd qətnaməsinin tələblərini yerinə yetirdiyimiz kimi, rus sülhməramlılarının işlərini də görə bilərik. Moskva da, İrəvan da başa düşür ki, bizim başqa yolumuz yoxdur. Birinci, öhdəliklərin yerinə yetirilməməsi, ikincisi isə qanunsuz erməni hərbi birləşmələrinin davam edən provokasiyaları anti - terror əməliyyatlarını zəruri edir",- deyə Kənan Novruzov fikrini yekunlaşdırıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR