Almaniyada keçirilən sərgidə Azərbaycan həqiqətləri barədə məlumat verilib

11:58 19 Yanvar 2015
109 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Almaniyada keçirilən “Demokratiya yolları” adlı sərgidə Azərbaycan da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniya Federativ Respublikasının Maqdeburq şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə ənənəvi “Demokratiya yolları” adlı sərgi keçirilib. Sərgidə Almaniyada, eləcə də Zakhsen-Anhalt əyalətində fəaliyyət göstərən müxtəlif xalqların cəmiyyət və təşkilatları iştirak edib. Azərbaycanı hər il olduğu kimi, Zakhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib. Tədbirdə Azərbaycan həqiqətləri, ölkəmizin zəngin təbiəti, mədəniyyəti, coğrafiyası, mətbəxi haqqında məlumat verilib və iştirakçılara bu məlumatları özündə əks etdirən kitablar hədiyyə olunub.

Cəmiyyətin sədri Yaşar Niftəliyev dörd saat davam edən tədbir iştirakçılarına əsasən 20 Yanvar faciəsi və Qarabağ həqiqətləri barədə məlumatlar verib. Cəmiyyətin sədri Sovet ordusunun Bakıya hərbi təcavüzü nəticəsində 147 dinc sakinin amansızcasına qətlə yetirilməsi, 744 günahsız insanın yaralanması, 821 nəfərin həbs edilməsi kimi faktları yerli ictimaiyyətin diqqətinə çatdırıb.

O, eyni zamanda tədbir iştirakçılarını Qarabağ həqiqətləri – Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı, bir milyon insanın öz doğma torpağından didərgin düşərək qaçqın və köçkün həyatı yaşaması haqda məlumatlandırıb.

Artıq 7-ci ildir keçirilən sərgini bu dəfə 10 mindən artıq insan ziyarət edib. Onların arasında Zakhsen-Anhalt Əyalətinin Baş naziri Reiner Hasellhoff, daxili işlər naziri Holger Stahlknest olub. Nazirlərin Azərbaycana dair suallarını cavablandıran Yaşar Niftəliyev onlara ölkəmizlə bağlı kitablar hədiyyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR