“Sürməli”​dəki partlayışla “Sumqayıt hadisələri” səsləşir? -

Ermənistanın paytaxtı Yerevanda “Surmali” bazarında baş verən partlayışdan sonra məsələ siyasi motivlərə köklənməyə başlayıb. Yerevanda düşünürlər ki, baş verənlərlə Nikol Paşinyan hakimiyyətini sıxışdırmaq mümkün olacaqdır. Baş nazirə qarşı təzyiqlər fonunda Rəsmi Kreml də iki ölkə arasında gərgin olan münasibətlərə daha da soyuq yanaşır. Buna misal olaraq Ermənistanın müdafiə naziri Suren Papikyanın Moskvaya işgüzar səfərini də göstərə bilərik. Papikyanın Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşü nəticəsiz olaraq sona yetdi.

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, elə “Surmali” bazarında baş verən partlayışa görə Ermənistan rəhbərliyinin Rusiyadan şübhələnməsi Moskvanın Yerevana nota verməsi ilə nəticələndi. Bəllidir ki, Yerevanla Moskva bir-birinə etibar etmir. Hər iki strateji müttəfiq arasında tellər qırılmaqdadır.

Məhəmməd Əsədullazadə

“Baş nazir Nikol Paşinyanın bu partlayışı revanşist müxalifətin təşkil etdiyini və bunların da arxasında Moskvanın durduğunun fərqindədir. Ona görə də Kremli birbaşa hədəf almaqla növbəti mərhələdə revanşist qüvvələrə qarşı repressiya həyata keçirəcək.Bununla yanaşı Rusiyaya qarşı anti-təbligat formalaşdıracaq. Yerevan bazarında partlayışı müxalifət Paşinyana təzyiq etmək üçün edibsə proseslər N. Paşinyanın xeyrinə oynayır. N. Paşinyan bundan istifadə edərək Rusiyanın mövqelərini ölkəsində zəiflədəcək. Həmçinin Moskvaya bağlı müxalifəti xalq qarşısında günahlandırıb sıxışdıracaq. Qeyd edim ki, Rusiya bu partlayışda maraqlı ola bilməz. Rusiyanın Ermənistanda ənənəvi təzyiq metodu silahlı basqın taktikası təşkil etməkdir. Bunu Yerevanda hakimiyyətə qarşı bir neçə dəfə istifadə edib”.

- Hadisələrin bu yolda inkişafı Azərbaycan üçün nə vəd edir?

Politoloq hesab edir ki, baş verənlər Ermənistanla Rusiya arasında dərin uçurum yaradır və Azərbaycan bundan maksimum istifadə etməlidir...

“Ermənistan Rusiya əlaqələrində davam edən böhran 90-ci illərin əvvəllərində birinci Qarabağ müharibəsində Azərbaycanla Rusiya arasında böhranı xatırladır. Həmən illərdə Ermənistan bundan istifadə edərək Azərbaycanın ərazilərini işğal etdi. 30 ildən sonra, Rusiya Ermənistan arasında siyasi böhran yaranıb və Azərbaycan bundan istifadə etsə də, Ermənistandan fərqli olaraq Rusiya olmadan öz hərbi gücündən istifadə edir”.

Politoloq Turan Rzayev “Surmali” bazarındakı hadisənin tarixdə bir qədər geridə baş verən “Sumqayıt hadisələri” ilə səsləşdiyinə inanır. Ekspert deyir ki, Qərb də yaxşı başa düşür ki, 44 günlük müharibə və digər hadisələr sonrası Ermənistanda ciddi bir antirusiya düşüncəsi hakimdir. Bu düşüncəsi daha da qabartmaq lazımdır. “Surmali”dakı hadisənin əsas məqsədi məhz budur.


“Hadisədən sonra sosial şəbəkələrdə qəzəbli kütlənin antirusiya paylaşımları etməsi və Kremlin buna görə Ermənistana nota verməsi də prosesin istənildiyi kimi getdiyindən xəbər verir. Prinsip etibarilə, ənənəvi erməni siyasəti üçün öz xalqına silah çəkmək ya da canına qəsd etmək ilk hal deyil. 19-cu əsrdən etibarən “Daşnaksütun”, “Xınçak” kimi ultramilliyyətçi erməni təşkilatları sözdə erməni maraqları naminə yeri gəldikdə öz soydaşlarına belə terroraktı keçirməkdən geri durmayıb. Yaxın tarixə nəzər saldıqda məlum Sumqayıt hadisələri də məhz bu ssenari ilə təşkil edilmişdi. Həmin olayların da pərdəarxasında məhz ermənilər dayanmışdı və öz soydaşlarına qarşı hücumlar təşkil edib müqəssir kimi azərbaycanlıları göstərmiş, beləcə Ermənistanda milliyyətçi, Qarabağda isə seperatçılığı aktivləşdirmişdilər. Bu mənada Sumqayıt hadisələri və “Surmali”dəki hadisə arasında paralellik aparmaq olar. "Surmali"dəki hadisənin də icraçısı məhz Ermənistan iqtidarıdır və məqsəd şübhəsiz ölkə daxilində antirusiya görüşlərini artırmaq mümkün dərəcə radikallaşdırmaqdır”.

Görünür, köhnə tamaşaları yenidən səhnələşdirən Ermənistan iqtidarının məqsədi yalnız öz günahsız xalqı hesabına səsini Moskvaya və Qərbə çatdırmaq məqsədi daşıyır. Amma dəfələrlə çeynənmiş bu cılız “ideyalar” erməni cəmiyyətinə nəyinki fayda vermir hətta problemlərinin boğazına kəndir təsiri yaradaraq qaranlıq gələcəyə yuvarlayır...

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR