ASCO "YAŞAT" düşərgəsində şəhid övladları üçün təqdimatlarla çıxış edib - FOTOLAR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri şəhid övladları üçün “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının Şabranda həyata keçirdiyi "YAŞAT" düşərgəsinin son həftəsinin üçüncü günündə maraqlı təqdimatlarla çıxış ediblər.

Metbuat.az-a ASCO-nun mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlcə iştirakçılara ölkəmizin gəmiçilik tarixi, ənənələri, dənizçi peşəsi, ASCO-nun fəaliyyəti barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

Düşərgədə Dənizkənarı Milli Parkda fəaliyyət göstərən ASCO-nun “Suraxanı” gəmi-muzeyi haqqında da təqdimat keçirilib. Muzeyin direktoru Tural İbrahimov bildirib ki, ümumilikdə 10 ekspozisiya zalından ibarət muzeydə ziyarətçilər Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış ola bilirlər.

“Suraxanı” gəmisinin muzeyə çevrilməsi barədə nümayiş olunan videonu isə uşaqlar böyük maraqla izləyiblər.

Təqdimatlardan sonra şəhid övladlarına ASCO-nun donanmalarına aid gəmilərin maketləri, “Suraxanı” gəmisinin eksponatları ilə yaxından tanışlıq imkanı yaradılıb. Bundan başqa, onlar xüsusi hazırlanmış “Suraxanı pazl” oyununda iştirak ediblər.

Daha sonra ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun (XYQİK) təqdimatı keçirilib. Klubun rəhbəri, peşəkar dənizçi Tatyana Srebnaya XYQİK-nin fəaliyyəti, yelkənli idman növünün özəlliklərindən danışıb. O, gəncləri Kluba üzv olmağa dəvət edib.

Düşərgə iştirakçıları üçün qapalı hovuzda “Optimist” sinfinə aid qayığın təqdimatı da olub. Onlar qayıqdan istifadə etmək bacarıqlarını sınayıb və tapşırığı uğurla icra ediblər.

İştirakçılara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi – 160 il” marka kitabı, gəmiçiliyin tarixini əks etdirən fotolardan ibarət açıqcalar hədiyyə olunub.

Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhid övladlarının əmanətləri “YAŞAT” düşərgəsi çərçivəsində ASCO nümayəndələrinin təqdimatlarından razı qaldıqlarını və əldə etdikləri məlumatların onlar üçün maraqlı və faydalı olduğunu bildiriblər.

Qeyd edək ki, ASCO Korporativ Sosial Məsuliyyəti çərçivəsində bu cür layihələrə dəstək verir, şəhid ailələrini və qaziləri daim diqqətdə saxlayaraq onların iştirakı ilə müxtəlif tədbir və layihələr həyata keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR