Mixal Bilek: “Bu, Bakıdakı matçla çox oxşar olacaq”

Çexiyanın “Viktoriya” (Plzen) komandasının baş məşqçisi Mixal Bilek UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

Metbuat.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bir çox futbolçum kimi mən də heç vaxt Çempionlar Liqasının qrup mərhələsində oynamamışam. Bu üzdən də “Qarabağ”la oyun bizim üçün böyük çağırışdır. Bilirik ki, evdə daha güclüyük və azarkeşlərimiz yenə bizi tək qoymayacaq.

“Qarabağ”da bütün futbolçular texniki cəhətdən çox yaxşıdırlar və sürəti artıra bilirlər. Topu qapımızdan mümkün qədər uzaq tutmaq üçün onlara boş sahə verməməliyik. Rəqibin keyfiyyətini və ön xətt oyunçularını necə dayandırcağımızı bilirik. Bakıdakı oyunumuzu təkrarlasaq və buna bir az daha keyfiyyət əlavə etsək, uğur qazanacağımıza inanırıq”.

O, “Qarabağ”a qarşı 3-lü müdafiə sistemi ilə oynaya biləcəklərini istisna etməyib:

“İki variantımız var ki, onlardan biri 3-lü müdafiədir. Bugünkü məşqdən sonra qərarımızı verəcəyik. Vatslav Yemelka sol cinah müdafiəçisi kimi çox yaxşı çıxış etdi. Onun sabah bu mövqedə başlama şansı yüksəkdir”.

Bilek cəzalı Lukaş Heydanı kiminlə əvəzləyəcəyi ilə bağlı suala bu cür cavab verib:

“Qərar vermək üçün sabah səhərədək vaxtımız var. İki mümkün start heyətimiz var və hər ikisi keyfiyyətlidir. Yəqin, səhər məşqinə az qalmış qərar verəcəyəm. Bütün oyunçular hazırdır və bütün diqqətlərini matça cəmləyiblər”.

Təcrübəli mütəxəssis evdə də qapalı futbol sərgiləyəcəklərini etiraf edib:

“Bu, Bakıdakı matçla çox oxşar olacaq. “Qarabağ”ın Macarıstanda “Ferentsvaroş”u 3:1 hesabı ilə məğlub etdiyi 3-cü təsnifat mərhələsinin cavab matçını bir daha izlədik. Meydan sahibləri qol vursalar da, 1:3 hesabı ilə uduzdular. “Qarabağ” məhz bunu istəyir. Açıq oyunda çox təhlükəlidirlər. Biz buna imkan verməməliyik”.

Bilek bunu məşqçilik karyerasının ən vacib matçı adlandırıb:

“Bu, hər kəs üçün böyük sınaqdır və biz matçı səbirsizliklə gözləyirik. İnanıram ki, ilk oyundakı nəticənin təsadüfi olmadığını təsdiqləyəcəyik. İlk oyundakından daha yaxşı müdafiə olunmalı və hücumda daha dəqiq oynamalıyıq”.

Sabah Plzendə keçiriləcək “Viktoriya” – “Qarabağ” matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR