Neft 25 dollara qədər ucuzlaşsa...

Neft 25 dollara qədər ucuzlaşsa...
12:05 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ekspert: “ARDNŞ bir çox yataqların işlənməsini dayandıra bilər...”
Neftin qiyməti 25 dollara düşə bilər. Bu barədə “LUKoyl”un prezidenti Vahid Ələkbərov deyib. O, qiymətlərin 2015-ci il ərzində qeyri-sabit qalacağını da söyləyib. Bəs neftin qiymətinin hansı həddə qədər düşməsi Azərbaycanı hasilatı aşağı salmağa məcbur edə bilər?

İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, neftin qiyməti 25 dollara düşəcəyi halda, Azərbaycan Dövlət Neft Şirkəti hasilatı ciddi şəkildə azalda bilər. “Əvvəla o qədər də real görmürəm ki, neft 25 dollaradək ucuzlaşsın. Çünki neft hasilatında müəyyən səviyyədə rentabellik, gəlirlik təminatı əhəmiyyətli rol oynayır. Neftin qiymətinin aşağı düşməsi bir çox yataqların işlənməsinin dayanmasına gətirib çıxara bilər. Ona görə də qiymətin 25 dollara düşməsi artıq neft hasilatına qoyulan investisiyaların ciddi şəkildə azalmasını şərtləndirəcək. Bu baxımdan da mənim Vahid Ələkbərovun dediyi proqnozlara inamım çox deyil. Amma Azərbaycanda bir ton neft Dövlət Neft Şirkəti üçün təxminən 95 manata başa gəlir. Bir barel təxminən 18-20 dollara başa gəlir. Buraya daşınma xərcləri daxil deyil. Neftin qiyməti 25 dollara düşərsə, o zaman ARDNŞ ziyana işləməlidir. Ola bilsin ki, bir çox yataqlarda işini dayandırsın, xüsusən quruda olan yataqlarda”.

Ekspertin sözlərinə görə, amma bp işini davam etdirə bilər: “Çünki nəqliyyat xərcləri ilə birlikdə bir barrel 13 dollara başa gəlir. Əgər neft 25 dollara da düşərsə, bp nefti maya dəyərindən iki dəfə artıq sata bilər. Ancaq yenə də gəlirlərdə kəskin azalma olacaq. Demək istəyirəm ki, neft 25 dollara düşərsə, ARDNŞ xüsusilə qurudakı yataqlarının böyük hissəsində işi dayandırmalıdır. Ən çox yataqlar da qurudadır. Çıxarılan neftin maya dəyəri baha olduğundan ARDNŞ bu addımı atacaq. bp isə hasilatı davam etdirə bilər”.

Qeyd edək ki, ölkədə neft-qaz hasilatı ilə bağlı rəsmi məlumatlar da açıqlanıb. 2014-də xam neft hasilatı 1,183 milyon ton (2,7 faiz) azalıb, təbii qaz hasilatı isə 1 milyard kubmetr (55 faiz) artıb. Ekspertlərin fikrincə, neft hasilatının azalması ilə bağlı proqnozlar yenə doğrulub. Neftin qiymətinin kəskin ucuzlaşdığı mərhələdə hasilatın enməsi də ciddi problemə çevrilir. Bəzi rəqəmlərə görə, hökumət 2015-də daha 1 milyon ton azalma gözləyir.

2014-ün yekunları ilə bağlı rəsmi məlumatlar da açıqlanır. Neftin qiymətinin kəskin enişi cəmi iki ayı əhatə etsə də, ölkədə demək olar ilin bütün iqtisadi göstəricilərinə öz mənfi təsirini göstərib. ABŞ energetika Nazirliyinin enerji informasiyası idarəsindən (EİA) verilən məlumata görə isə, dekabrda ABŞ-da neft hasilatı 1986-cı ildən sonra ən maksimum səviyyəyə çataraq 9,15 milyon barel təşkil edib. İdarə proqnozlaşdırır ki, cari ildə ölkədə neft hasilatı gündə 9,3 milyon barel təşkil edəcək.

Cari ildə EİA-nın qiymətləndirməsinə əsasən, Brent markalı neftin bir barelinin orta qiyməti 57,58 dollar, WTİ markalı neftin qiyməti isə 54,58 dollar təşkil edəcək. EİA proqnozlaşdırır ki, Brent markalı neftin bir barelin dəyəri 2016-cı ildə 75 dollara çatacaq. WTİ markalı neftin bir barelinin qiyməti isə 71 dollar olacaq.

"Yeni Müsavat"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR