Azərbaycana böhtan atan “iranşünas” Voskanyana cavab:

Tarixi faktlar göstərir ki, Ermənistanın tarixi-coğrafi ərazisi Qafqazdan kənarda olub. Digər bir fakt isə ondan ibarətdir ki, Ermənistan dövlətinin yarandığı ərazi tarixi-coğrafi Azərbaycan ərazisidir. Bunu sübut edəcək yüzlərlə tarixi faktlar və toponimlər mövcuddur. Ermənistanda Azəbaycan toponimlərinin aradan qaldırılması ilə birgə, əslində böyük bir tarix, Azərbaycan varlığının həmin ərazidəki təkzibedilməz sübutlarından, original sivilizasiyanın göstəricilərindən biri məhv edilib.

Ermənistanın siyasi ekspertlərindən biri Vardan Voskanyan tez-tez Azərbaycan toponimlərinin erməniləşdirildiyi ilə bağlı sosial şəbəkələrdə açıqlamalar verir. O belə şərhlərdən birini də bu yaxınlarda Göyçə mahalının Basarkeçər rayonunun kəndi olan Yuxarı Şorca ilə bağlı vermişdi. Qeyd edək ki, kəndin adı 1995-ci ilə qədər Yuxarı Şorca olub və kənd əhalisi 1988-ci ildə öz yurd-yuvasından qovulub. Voskanyan etiraf edir ki, Azərbaycanla sərhəddə Verin Şorja kəndinin adını erməniləşdirməlidirlər. O, kəndin adındakı “Şorca” sözünün türk dilindən götürüldüyünü və “duzlu” mənasını ifadə etdiyini bildirib:


“Bu, Göyçəni Sevan adlandırmağımıza bərabərdir. Biz bu toponimi yenidən erməniləşdirməliyik”.

Bu əssasız fikirlərini erməni cəmiyyətinə virus kimi yayan Voskanyan son açıqlamalarından birində həqiqətə uyğun olmayan iddialar irəli sürərək qeyd edib ki, guya rəsmi Bakı “toponim müharibəsi” aparır və “toponim müharibəsi”nin bütün “vasitələrindən istifadə edir”.

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyir ki, Voskanyan kimilərinin Azərbaycanı toponim müharibəsi aparmaqda ittiham etməsinin əsası yoxdur. Tarixçi alim Metbuat.az-a müsahibəsində bildirdi ki, Ermənistan həmişə toponim təxribatları ilə məşğul olub və Azərbaycan toponimlərinə qarşı saxtalaşdırma kampaniyası aparıb.

Elnur Kəlbizadə

“Qafqazda ilk erməni dövlətinin yaradıldığı 1918-ci ildən bugünə qədər ötən müddət ərzində ermənilər yer adlarını – toponimləri sistematik şəkildə erməniləşdirib. Ermənistan ərazisindəki toponimlərin mənşəcə türklərə məxsus olduğunu tarixi mənbələr sübut edir. Məsələn, 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə indiki Ermənistanın ərazisindəki toponimlərin tam əksəriyyəti türk mənşəli toponimlər olub. XIX əsr müəlliflərindən İ.Şopenin, Q.Abixin , E.Q.Veydenbaumun və digərlərinin əsərlərində, çar Rusiyası dönəminə aid rəsmi sənədlərdə indiki Ermənistan ərazisində qeydə alınmış toponimlərin türk mənşəli olmasına dair məlumatlar verilib. 1988-ci ildə Ermənistan SSR-in 280 kəndindən azərbaycanlılar deportasiya edilib və bu yaşayış məntəqələrinin adlarının da tədricən erməniləşdirilməsinə başlanıb. SSRİ-nin süqutundan və Ermənistan Respublikasının müstəqilliyinin elan edilməsindən sonrakı mərhələdə də tarixi adların və toponimlərin saxtalaşdırılması dövlət səviyyəsində həyata keçirilib. Azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiya edildiyi Ermənistanda əksər türk mənşəli toponimlər və oykonimlər dəyişdirilib, erməni dilində adlandırılıb. İndiki Ermənistan ərazisində olan 1220 Azərbaycan toponimindən 964-nün, yəni 79%-nin erməniləşdirildiyi məlumdur . Hətta 2006-cı ildə respublika ərazisindəki toponimlərin saxtalaşdırıldığını Ermənistan Respublikası Hökuməti yanında Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin sədri Manuk Vardanyan özü müsahibəsində etiraf edib. Belə ki, Ermənistanın ilk milli atlasının nəşri ilə bağlı müsahibəsində o, atlasda 40 min coğrafi adın qeydiyyata alınacağını və bu zaman başqa dillərə məxsus olan 8-10 min coğrafi adın dəyişdirilərək erməni adları ilə əvəz olunacağını vurğulayıb”.

E.Kəlbizadənin sözlərinə görə, həmin sayda adların, demək olar ki, hamısı tarixən azərbaycanlılara aiddir. Alimin qeyd etdiyinə görə, təhlillər göstərir ki, indiki Ermənistanın əksər yaşayış məntəqələrinin adları türk mənşəlidir:

“Hesab edirəm ki, kütləvi informasiya vasitələrimiz Ermənistanla bağlı məlumat və xəbərləri yayarkən mütləq tarixi Azərbaycan – türk toponimlərindən istifadə etməlidirlər. Yerevan – İrəvan, Kotayk – Ellər, Lori – Dağ Borçalısı, Sünik – Zəngəzur, Tavuş – Tovuzqala, Araqatson – Ələyəzdağlı, Ələyəzli, Ararat – Vedi, Şirak – Şörəyel, Armavir – Sərdarabad, Geğarqunik – Başkənd, Vayotsdzor – Keşişkənd və ya Dərələyəz şəklində adlandırılmalıdır. Bilmək lazımdır ki, şəhərlərdən, Alaverd - Allahverdi, Axtala - Ağtala, Tumanyan - Manas, Şamlux -Şamlu, Spitak - Hamamlı, Stepanavan - Cəlaloğlu, Vanadzor - Böyük Qarakilsə, Sisyan - Qarakilsə, İcevan - Karvansaray, Noyemberyan – Barana, Ayrum – Ayrımdır. Bu siyahını uzatmaq da olar. Erməni “alimləri” XX əsrin əvvəllərində, hətta çar Rusiyasının özünün dərc etdirdiyi xəritələrdə neçə “tarixi” erməni adının olduğunu göstərsinlər, sonra bugünki adlardan danışarlar”-deyə E.Kəlbizadə vurğuladı.

Voskanyanın gerçək bir təxribatçı olduğunu və Azərbaycan tarixini saxtalaşdıranlardan biri olduğunu deyən E.Kəlbizadə hesab edir ki, “iranşünasın” missiyası aranı qatmaqdır:

“Voskanyan təxribatla məşğul olur və o alim deyil, Ermənistan xüsusi xidmət orqanları tərəfindən elm aləminə salınmış adamdır. O alim olmadığı üçün onun iddialarına əhəmiyyət vermək lazım deyil. Amma söhbət ondan gedir ki, bu “alim” Azərbaycana böhtan atır. Bizim əlimizdəki bütün faktlarda, sənədlərdə, mənbələrdə açıq sübut olunur ki, ermənilər bizim toponimləri saxtalaşdırıb. Bütün bunlar da aydın göstərir ki, biz Ermənistana qarşı yox, Ermənistan bizə qarşı toponim müharibəsi aparır. Həyata keçirdikləri saxtalaşdırma aktları buna əyani sübutdur”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği" mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR