Biletlər bahadır, tələbələr xaricə gedə bilmir -

Turizm mövsümündə AZAL-ın "cib yandıran" qiymət siyasəti ilə bağlı narazılıqlar olsa da, heç bir nəticə olmadı. Artıq yeni tədris ilinin başlanması ilə əlaqədar tələbələrin xaricdə təhsil üçün ölkə xaricinə köçü başlayıb. Lakin tələbələri düşündürən təhsil aldıqları ölkəyə alacaqları biletlərin qiymətidir. "Azərbaycan Hava Yolları"nın (AZAL) biletlərinin həddindən artıq baha olması narazılıq yaradıb, yüzlərlə tələbə çıxılmaz vəziyyətdə qalıb.

Hazırda tələbələrin təhsili üçün ən çox üz tutduğu ölkələr Türkiyə, İtaliya, Rusiya, Almaniya, İngiltərə kimi ölkələrdir.

AZAL-ın rəsmi saytındakı qiymətlərə görə, Türkiyəyə gediş üçün biletlərin qiyməti 300 manatdan çoxdur. Ankara şəhərinə uçuş AZAL-ın aşağı büdcəli törəməsi olan "Buta Airways"lə 322 manat 98 qəpik, İstanbula uçuşlar da müvafiq olaraq 348 manat 48 qəpik, AZAL- da isə 458 manat 98 qəpik təşkil edir. İzmirə uçuşun qiyməti "Buta Airways"lə 339 manat 98 qəpikdir. Hətta sentyabr ayının sonuna qədər AZAL-da uçuşlar belə yoxdur.

Rusiyaya gəlincə, biletlərin qiymətləri bu ölkə üçün də bahadır. Hazırda Moskva şəhərinə uçuş 478 manat 28 qəpik təşkil edir. Almaniyaya getmək üçün bir tələbə AZAL-a 594 manat 97 qəpik pul ödəməlidir. İngiltərəyə uçuşlar 567 manat, İtaliyaya gedən tələbə isə bilet üçün 618 manat vəsait ödəməlidir.

Quru sərhədlər bağlı olduğu üçün Gürcüstana getmək üçün hava nəqliyyatından başqa çıxış yolu yoxdur. Biletlərin qiyməti də 246 manat 49 qəpikdir.

Təhsil araşdırmalarıı üzrə Türkiyənin Qazi Universitetinin doktorantı Şəhla Aslan Metbuat.az-a bildirdi ki, pandemiyadan əvvəl gediş-gəliş nisbətən normal idisə, hazırda olduqca yüksək qiymətlər var. O qeyd edir ki, tanıdığı çox sayda tələbələr bu səbəbdən tətil vaxtı ölkəyə qayıda bilməyib:

"Təhsilimlə bağlı olaraq bir neçə ildir ki, Türkiyənin Ankara şəhərində yaşayıram. Bu illər ərzində yalnız iki dəfə Azərbaycana gedə bilmişəm. Pandemiya dövründən öncə AZAL-dan nisbətən münasib qiymətə (bir neçə ay sonra üçün) bilet almaq mümkün idi. Mən də 2019-da endirimli bilet almışdım. Sonradan hava yolları bağlandı deyə, biletləri pandemiyadan sonra əlavə ödəniş etmədən istifadə edə bildim. Təəssüf ki, bu il bilet qiymətləri büdcəmlə tərs mütanasib oldu, hazırda Azərbaycana gedib-gələ bilmirəm.

Ayrıca, quru sərhədlər bağlandıqdan sonra təyyarə biletlərinin qiymətləri çox artdı. Tələbə büdcəsi ilə bu biletləri almaq münkünsüz oldu. Nəticədə, bu il çox sayda tələbə tətil vaxtı Azərbaycana, ailəsinin yanına gedə bilmədi. Ya da əşyalarını satıb, təhsillərini yarıda qoyub döndülər (çox sayda belə tələbə tanıyıram)".

Şəhla Aslan bildirir ki, tələbələrə satılan biletlərdə endirimlər edilməlidir:

"Xaricdə yaşayan tələbələr Azərbaycana yalnız istirahət üçün getmirlər! Ailəsində ciddi hadisələr olan tələbə imkansızlıq səbəbiylə bilet alıb vətənə gedə bilmirsə, indi siz o tələbənin mənəvi-psixoloji durumunu təsəvvür edin. Bilet satışında tələbələrə xüsusi endirimlər tətbiq olunmalıdır. Bu dünyanın çox yerində var. Elə qardaş dediyimiz Türkiyə örnək alına bilər. Tələbələrə bütün nəqliyyat vasitələrində endirimli qiymətlər təqdim olunur. İndi AZAL-dan bir biznesmen də Türkiyə-Azərbaycan səyahəti üçün 700 AZN-ə təyyarə bileti alsın, maddi vəziyyəti ağır olan tələbə də? Bu necə insafsız yanaşmadır axı... Türkiyədə təqribən 20 min azərbaycanlı tələbələ təhsil alır. Bu rəqəm hər il böyüyür. Yaradılan süni maneələr səbəbiylə vaxtaşırı Azərbaycana gedib-gələ bilməyən tələbələrin vətənlə əlaqəsi zəifləyir, münasibətlərində soyuqluq yaranır. Azərbaycana töhfə vermək məsələsi də arxa plana keçir ya da unudulur. Çox sayda tələbə var ki, başqa ölkələr tərəfindən həyata keçirilən, ekonomik olaraq cazib, amma bizim dövlətimiz üçün təhlükəli hesab olunan təkliflərlə razılaşırlar. Buraya müxtəlif ideologiyalar, dini məsələlər və s. daxildir. Nə qədər istedadlı, vətəninə, millətinə, dövlətinə bağlı azərbaycanlı gənclər bu gün ümidsizliyə düçar olublar. Özlərini dövlətləri üçün dəyərsiz hiss edirlər. Bunu çox təəssüf hissi ilə deyirəm, tələbələrimiz artıq Türkiyədən də başqa ölkələrə gedirlər. Bilet qiymətlərindən tumuş iş imkanlarına qədər Azərbaycanla müqayisədə çox-çox daha uyğun təkliflər var".

Bir müddət əvvəl millət vəkili Ceyhun Məmmədov tələbələr üçün təyyarə biletlərinə güzəşt tətbiq edilməsi barədə təklif irəli sürüb. Millət vəkili bildirib ki, quru sərhədlər bağlıdır, aviabiletlərin qiyməti isə bahadır. Bu da tələbələrə müəyyən problemlər yaradır: “Qonşu Türkiyə də daxil olmaqla dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrindən istifadədə tələbələrə güzəştlər edilir. Burada məqsəd tələbələrin bir çox sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də dövlətin qayğısını hiss etmələridir. Bu sahədə ölkəmizdə tələbələrə cuzi də olsa, güzəştlər edilməlidir”.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, deputat Musa Qasımlı da Metbuat.az-a bildirdi ki, AZAL xaricdə təhsil səbəbindən gedənlər üçün biletlərin qiymətini azaltmalıdır:

"AZAl bu problemi həll edə bilər. İmtahan verərək xaricdə təhsil almaq hüququ qazananlar və artıq təhsil alanlar üçün biletlərin qiymətini aşağı salmaq yaxşı olardı".

Professor Musa Qasımlı: Azərbaycan dövləti daim vətəndaşının yanındadır -  AZƏRTAC

Musa Qasımlı

Qeyd edək ki, Azərbaycan Hava Yolları QSC daxili uçuşlarda qiymətləri Tarif Şurası müəyyənləşdirsə də, xarici ölkələrə uçuş qiymətlərini şirkət özü müəyyənləşdirir. Lakin qurum qiymətləri hansı meyarlara əsasən müəyyənləşdirilməsinə dair bugünədək hər hansı açıqlama verməyib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR