20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar

20 Yanvar əlilləri və şəhid ailələri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar
12:08 19 Yanvar 2015
192 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
1990-cı ilin 20 Yanvar faciəsi zamanı ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman həmvətənlərimizin ailə üzvləri və həmin faciədə əlil olmuş insanlar dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunublar.
AzərTAc xəbər verir ki, 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsi istiqamətində aparılan dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Belə ki, dövlət başçısının 2006-cı il 19 yanvar tarixli Fərmanı ilə 20 Yanvar şəhidi fəxri adı almış insanların ailə üzvlərinə ayda 300 manat Prezident təqaüdü təyin olunub. Azərbaycan Prezidentinin 19 yanvar 2011-ci il tarixli Fərmanına əsasən isə 20 Yanvar əlillərinə - I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat olmaqla aylıq Prezident təqaüdü ödənilir. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər verilir.
Bununla yanaşı, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvlərinin hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində, yəni 85 manat əlavə hesablanır. Azərbaycan Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı ilə digər müvafiq kateqoriyalardan olanlar kimi, 20 Yanvar əlilləri və şəhidlərinin də respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad olunublar.
20 Yanvar əlilləri və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təminatı istiqamətində də məqsədyönlü işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən indiyədək 53 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 78 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilib. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə ƏƏSMN tərəfindən həyata keçirilən tədbirlərdə 20 Yanvar əlillərinin də mütəmadi olaraq iştirakı təmin olunmaqla, həmin şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının təşkili və s. istiqamətlərdə müvafiq işlər görülür.
Hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar qeyd olunan təbəqələrdən olanlar birdəfəlik müavinətlə təmin olunurlar. Bu günlərdə də 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı olaraq, ƏƏSMN tərəfindən 112 şəhid ailəsinin və 316 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.
20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR