Ərzağın qiyməti "od tutub yanır":

Son bir ildə Azərbaycanda qida məhsullarının 21 faiz bahalaşdığı bildirilir. Ekspertlərin hesablamalarına görə, əhalinin gəlirlərinin təxminən yarısı qida və ərzaq xərclərinə sərf olunur. Nəticədə qida məhsullarında qiymət artımı insanların həyatına birbaşa təsir edir.

Dövlət Statistika Komitəsinin son hesabatında qeyd olunur ki, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 113,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,1 faiz təşkil etmişdir. Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 113,7 faiz təşkil etmişdir. Ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq əti, süd məhsulları, bitki yağları, tərəvəz məhsulları, meyvənin qiymətində olub.

Görünən odur ki, yerli bazarda daha çox bahalaşan elə yerli məhsullardır. Bu istiqamətdə çoxlarını maraqlandıran suallardan da biri odur ki, dövlət qiymətlərə hansı formada nəzarət edir.

Mövzuyla bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Metbuat.az-a bildirdi ki, qiymətləri konkret dövlət tərəfindən tənzimlənən məhsulların siyahısı var. Bu siyahı dövlət tərəfindən tənzimlənir və nəzarət olunur. Hazırda bu tip siyahıda olan məhsulların qiymətində biz hansısa dəyişikliyi görmürük. Ekspert deyir ki, bir sıra məhsulların qiymətinə dövlət nəzarət etməsə də, bəzən onların qiymətləri də müəyyən qədər dövlət tərəfindən tənzimlənir.

Eldəniz Əmirov

“Məsələn, çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir, amma onun satışı üçün yuxarı həddə dövlət tərəfindən müəyyən edilir və eyni zamanda nəzarət olunur. Elə üçüncü qrup məhsullar da var ki, dövlət onların qiymətinə ciddi nəzarət edə bilmir, çünki minlərlə çeşiddə məhsulun qiymətini dövlətin izləməsi praktik olaraq mümkün deyil, olmayacaqdır da. Bu məhsulların qiymətini bazar tənzimləyir. Gündəlik tələbat mallarının və ərzaq məhsullarının qiymətləri orta inflyasiya səviyyəsindən adətən yuxarı səviyyədə olur. İnflyasiya səviyyəsinin ölçülməsi üçün istifadə edilən məhsullardan yüzlərlə məhsul var ki, bunların bir qismindən insanlar daha çox istifadə edir. Bunlarda da bahalaşma daha yuxarı səviyyədə olur. Məhsulların bahalaşmasının bir neçə obyektiv və subyektiv səbəbi var ki, bunların birincisi dünyada baş verən qlobal inflyasiyadır, daha sonra iqtisadi böhran, post-pandemiya prosesində yaranmış problemlər, o cümlədən, Rusiya-Ukrayna müharibəsindən dolayı yaranmış iqtisadi situasiyalardır. Amma qeyd edim ki, bazarın da normal tənzimlənməsi üçün hamının bildiyi sadə bir mexanizm var. Bu rəqabət mexanizmidir. Əgər rəqabət mexanizmi mövcud olarsa, bazar özü tam normal tənzimlənir. Burada nə nəzarətə, nə qiymət müdaxiləsinə, nə qiymətin aşağı və ya yuxarı həddinin müəyyən edilməsinə ehtiyac qalmır”.

Bəs rəqabətin olması üçün nə lazımdır? Eldəniz Əmirov qeyd etdi ki, bunun üçün istehsal və xidmət sahəsində olan təsərrüfat subyektlərinin sayı çox olmalıdır. O qədər olmalıdır ki, onların bir-birilə gizli razılığa gəlməsi mümkün olmasın. Amma buna şübhəli məqam olarsa, dövlətin rolu gizli razılaşmanın baş verdiyini müəyyən etmək və tədbir görməkdir.

“Əgər gizli razılaşma baş verməzsə, bunlar bir biri ilə rəqabət aparacaq və qiyməti mümkün olan ən aşağı səviyyətə salacaqlar. Məsələ bundan ibarətdir. Hazırda ölkədə bazarın həcminə əsas bazar oyunçularının sayı çox azdır. Belə hallarda bazarda rəqabət olmur.

Bir məsələni də qeyd edim ki, onlara işbaz deməyi doğru hesab etmirəm. Əgər işbaz dediyiniz o subyektlər varsa, demək rəqabət yoxdu. Rəqabət varsa, artıq işbaz olmayacaqdır. Bir yerdə rəqabət olduğu halda işbaz ola bilməz. Çünki rəqabət mühiti işbazları məhv edir. Hansı sahədə rəqabət varsa, orada qiymət mümkün olan ən aşağı səviyyədə qərarlaşır.

Ölkədə rəqabətin olduğu olduğu sahə xidmət sahəsidir. Nə zaman gördünüz ki bərbərin, kafe işlədənin, taksinin, repititorun, bənnanın və ya dərzinin qiymətinə dövlət müdaxilə etsin. Heç vaxt! Ona görə ki, orda rəqabət var. Qiymət ən mümkün olan aşağı həddə qədər enir. Amma o sahəyə ki dövlət qiymətə görə müdaxilə etməyə məcburdur, həmin yerdə "rəqabət var" - deməklə sadəcə öz-özümüzü aldadırıq.

Eldəniz Əmirov onu da bildirdi ki, ərzaq məhsulların da qiymətinin qəfildən artmasında əsas səbəblərindən biri bu məhsulların istehsalçılarının və ya ölkəyə gətirənlərinin sayının həddindən artıq az olmasındadır.

“Nəticədə bazarda olan istehsalçılar bundan istifadə edərək vahid mövqedən çıxış edib bazarda qiymətlərə istədiyi formada müəyyən edirlər. Belə olan halda onların sayının məhdudluğu və bazarda qiyməti müəyyən etməsi nəticədə dövləti məcbur edir ki, bu məhsullara nəzarət etsin. Amma məhsulun çeşidinin çoxluğu bəzi hallarda həmin təssərüfat subyektlərinin gücünün yuxarı səviyyədə olması bu qiymətləri lazımi səviyyədə tənzimləməsinə ciddi maneçiliklər yaradır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR