Aratunyanın seçimi qalmayıb:

"Rəsmi Bakının siyasi iradəsinə müqavimət göstərmək, Rusiyanın onsuz da korlanmış beynəlxalq imicinə sarsıdıcı zərbələr vura biləcək hadisələrə yol aça bilər. Ona görə də, Azərbaycanın tələbinə uyğun olaraq Rusiya sülhməramlılarının da iştirakı ilə tezliklə Xankəndi və ətraf bölgədə olan erməni silahlı terror dəstələrinin tamamilə tərksilah ediləcəyi artıq şübhə doğurmur".

Metbuat.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Xalidbəyli deyib. Ekspertin bildirib ki, Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsi isə Azərbaycan ərazilərini həmişəlik tərk etməli olacaqlar. Çünki, əks halda, onları növbəti anti-terror əməliyyatı və həbsxana həyatı gözləyir.

Elçin Xalidbəyli

"Təbii ki, rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımlara necə cavab verdiyini Ermənistanda artıq olduqca yaxşı bilirlər. Azərbaycanın "Qisas" antiterror əməliyyatı Ermənistanda ciddi siyasi-psixoloji nəticələr doğurub. Bu əməliyyatdan sonra Ermənistanda tam əmin oldular ki, rəsmi Bakı dediyinə həmişə sadiq qalır. Əgər, rəsmi Bakı Ermənistanın təxribatçı davranışlarına cavab veriləcəyini bəyan edibsə, deməli, bu, mütləq baş verəcək. Ona görə də, A.Qriqoryanın son təxribatı həm Ermənistan, həm də Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçular üçün olduqca ağır nəticələr vəd edir. Ermənistanda rəsmi Bakının son xəbərdarlıq mesajından ciddi şəkildə narahat olmağa başlayıblar. Xüsusilə də, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan hazırda qətiyyən təhlükəsizlikdə olmadığını artıq anlayıb. Ona görə də, A.Qriqoryan qorxuya düşərək, tez-tələsik Azərbaycanın siyasi dairələri ilə əlaqə qurmaq məcburiyyətində qalıb. Ermənistanın 168.am nəşri bu barədə əldə etdiyi məlumatları ictimailəşdirib. Nəşrin iddiasına görə, rəsmi Bakının reaksiyası A.Qriqoryanı elə qorxudub ki, o, çıxış yolunu dərhal özəl kanallar üzərindən Azərbaycan tərəfi ilə təmasa keçməkdə görüb".

Elçin Xalidbəyli deyir ki, 168.am yazır ki, A.Qriqoryan həmin təmas çərçivəsində Azərbaycandan üzr istəyib və öz davranışını izah etməyə çalışıb: "Armen Qriqoryan üzrxahlıq etdikdən sonra bildirib ki, o, Qarabağda doğulub. O, deyib ki, Qarabağa siyasi məqsədlər ilə getməyib və bu səfər sadəcə, şəxsi xarakter daşıyıb. Yəni, atasının evini və məzarını ziyarət etmək məqsədi güdüb. O, izah edib ki, Qarabağa dövlət təmsilçisi deyil, sadəcə, adi vətəndaş kimi gedib".

Analitik hesab edir ki, erməni nəşri Ermənistan Təhlükəsizlik Şurasının rəhbərinin törətdiyi təxribatdan "peşman" olduğunu yazır. Bu isə o deməkdir ki, A.Qriqoryan Azərbaycanın Qarabağ bölgəsinə sonuncu dəfə səfər edib və o, bir daha həmin əraziyə ayaq basmağa cəsarət etməz.

"Hər halda, yəqin ki, rəsmi Bakının ata biləcəyi cavab addımlarının ona olduqca baha başa gələcəyini indi daha yaxşı anlayır. Ancaq bunu yalnız Armen Qriqoryanın deyil, bütün ermənilərin anlaması vacibdir. Çünki, Ermənistan və erməni toplumu üçün Qarabağ mövzusu artıq sona çatıb. Xankəndi və ətraf bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğundan Qarabağ mövzusu da ölkəmizin daxili işidir. Və həm Ermənistan, həm də erməni toplumu Qarabağ mövzusunu həmişəlik unutmalıdır. Azərbaycanın Xankəndi və ətraf bölgəsində son baş verənlər də bu reallığı birmənalı şəkildə təsdiqləyir. Belə ki, həmin bölgədə olan separatçı-terrorçu ermənilərin rəhbəri Araik Arutyunyan toplantı keçirib. O, həmin toplantıda bildirib ki, Azərbaycan hökuməti Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasından (Xankəndi və ətraf bölgə) bütün ağır və iriçaplı silahların çıxarılması şərtini qoyub. Və Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi rəsmi Bakının bu tələbi ilə artıq razılaşıb. Belə anlaşılır ki, Rusiya da Azərbaycanın siyasi iradəsini qəbul etməyə başlayıb. Əslində, Kreml buna həm də məcbur qalıb. Çünki, rəsmi Bakı şərtləri yerinə yetirilmədiyi halda, Azərbaycanın maraqları çərçivəsində qətiyyətli addımlar atmaqdan çəkinmədiyini "Qisas" antiterror əməliyyatı ilə artıq sübuta yetirib. Bu baxımdan, rəsmi Bakının siyasi iradəsinə müqavimət göstərmək, Rusiyanın onsuz da korlanmış beynəlxalq imicinə sarsıdıcı zərbə vura biləcək hadisələrə yol açar.

Müsahib onu da qeyd etdi ki, erməni separatçı-terrorçu dəstəsi yaxın vaxtlarda rəsmi Bakının tələblərini yerinə yetirməli olacaqlar. Xankəndi və ətraf bölgədə olan ermənilər tamamilə tərksilah ediləcək. Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsi isə Azərbaycan ərazilərini həmişəlik tərk etməli olacaq. Çünki, əks halda, onları növbəti anti-terror əməliyyatı və həbsxana həyatı gözləyir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR