13 yaşlı qız necə hamilə qala bilər? -

Bu gün də ölkə bir yeniyetmənin - 13 yaşında bir qızın ana olması ilə xəbəri ilə oyandı. Uşaq Sabunçu rayonunda dünən ev şəraitində dünyaya gəlib. Bundan sonra isə xəstəxanaya yerləşdirilib.

TƏBİB -in məlumatına görə, 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.

Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır.

Bəs 13 yaşlı qız necə hamilə qala bilər və ya 9 ay müddətində yeniyetmənin valideynləri necə olur ki bunu anlamayıb?

Ginekoloq Təranə Həsənova deyir ki, 13 yaşında orqanizmdə baş verən dəyişikliklərlə əlaqədar olaraq hamiləlik ola bilər. Amma belə yaşda hamilə qalmaq həyat üçün çox risklidir:

"Çox təəssüf ki, bu, Azərbaycanda ilk və son hadisə deyil. 13 yaşında yeniyetməlik dövründə cinsi həddi-büluğ dövrü başlayır. Qızın orqanizmi, yumurtalıqlar, uşaqlıq inkişaf edir. Buna uyğun dəyişiklik baş verdiyi dövrdə sperma daxil olan zaman hamiləlik baş verə bilər. Ancaq bu o demək deyil, həmin şəxs artıq ana ola bilər. Ana olmaq orqanizmdə çox böyük stress yaşadır. Çünki orqanizm o qədər inkişaf etməyib. Qanunvericiliyə görə də nigah yaşı 18-dir və bu, çox düzgün qərardır. Çünki 18 yaşadək orqanizm mükəmməl olmalıdır. 18 yaş hara, 13 yaş hara. Əlbəttə ki, risk faktoru çox yüksəkdir".

Ehtimal edilir ki, 13 yaşlı ana təcavüzə uğrayıb. Araşdırmalardan sonra bu iddialara tam cavab veriləcək.

Ginokoloq deyir ki, əgər valideyn övladını təcavüzdən qoruya bilməyibsə, bunu hiss edən zaman ekspertizaya müraciət etməliydi. Əks təqdirdə uşaq 13 yaşlı qızın bətnində inkişaf edib və 9 aydan sonra doğulub:

"Valideynlər əvvəla qızı təcavüzdən qorumalı idilər. İkincisi, əgər bunu bacarmayıblarsa, qızı ekspertiziya aparmalı idilər. Ekspertiza və həkimlərin qərarı ilə hamiləlik təyin olunduqdan sonra müəyyən olunacaqdı ki, bu hamiləlik qalsın, yoxsa sonlandırılsın. Mən düşünürəm ki, bunu etsəydilər, böyük ehtimal hamiləlik sonlandırılacaqdı. Təbii ki, cinayət işi açılacaqdı. Nəticədə artıq valideynlərin yox, tibbi komissiyanın qərarı ilə abort edilib-edilməməsi müəyyən ediləcəkdi. Çünki bu yaşda hamiləliyin davam etməsi ilə fəsadların riski yüksək olacaqdı.

Azyaşlının cinsi əlaqədə olmasının qəti əleyhinəyəm. Valideynlər onun arxasında durmağı bacarmalıdırlar. Təcavüz elə bir faktdır ki, burada valideynlərin öhdəsinə çox şey düşür. Ona görə də ata-ana övladını təcavüzdən - hər şeydən qorumalıdır. Əgər bu hal artıq baş verirsə, deməli, valideyn-övlad münasibətində boşluq var".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR