Toyların keçirilməsi dayandırılır? - Şadlıq evlərindən

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin genişmiqyaslı təxribatından və çoxsaylı itkilərimizdən sonra ölkədə bir sıra təntənəli mərasimlər təxirə salındı. Dolaşan söz-söhbətlərə görə şəhid ölümlərinə görə ölkədə matəm elan olunacaq və toy, nişan, xınayaxtı mərasimləri dayandırılacaq.

Bununla bağlı rəsmi qərar və təlimatlar olmasa da, ictimaiyyəti bürüyən xəbərlər toy sahiblərini narahat etməyə başlayıb.

Onlar əvvəlcədən planlaşdırlmış toy hazırlıqlarından və sifarişin təxirə salınıb-salınmamasından dolayı atacaqları addıma görə dəqiq informasiyaya sahiblənmək istəyirlər.

Metbuat.az xəbər verir ki, Bizim.media bir neçə şadlıq sarayları ilə sözügedən mövzuda sorğu keçirib.

Məlum olub ki, toyların və bu kimi təntənəli mərasimlərin təxirə salınması, yaxud dayandırılması ilə bağlı rəsmi təlimat verilməyib. Amma əksər toy sahibləri şadlıq evləri ilə əlaqə saxlayıb əvvəlcədən yazdırdıqları mərasimlərin vaxtını dəyişirlər.

Qızıl Buta Saraydan toy sifarişlərinin təxirə salınması və dayandırılması ilə bağlı rəsmi qərarın olmadığı bildirilib:

“Əslində belə təşəbbüs gündəlik restoranlardan gəlib. Bizə hər hansı məlumat verilməyib. Əvvəlcədən götürdüyümüz sifarişlərimiz, hətta yanvar ayına qədər toy yazdıranlar var. Yenə də dəqiq heç nə bilmirik”.

Arena Sarayın adminstratoru Əli müəllim qeyd edib ki, toyların saxlanılması ilə bağlı onlara hər hansı göstəriş gəlməyib:

“Sifarişlərin dayandırılması ilə bağlı müraciət edən yoxdur. Sadəcə bir neçə toy oktyabrın əvvəlindən geri çəkilib. Yəni şəhidlərmizin ölümünə görə oktyabrdan sonrakı aya salınıb”.

Sinfoniya şadlıq evindən isə saytımıza bildirilib ki, bəzi toy sahibləri əvvəlcədən yazdırdıqları tarixlərin dəyişdirilməsi üçün müraciət edirlər:

“Toylar zatən 3-4 ay əvvəl yazılır. Amma əksəriyyəti sentyabr-oktyabra sifariş etdiyi toyun vaxtını dekabra dəyişdirilməsini istəyir. Məsələn, o vaxt pandemiyaya görə toylar dayandırılanda, əvvəlcədən yerli icra hakimiyyəti tərəfindən bizə bildirilmişdi. Amma indi toylarla bağlı rəsmi təlimat və ya qərar yoxdur. Sadəcə ürəyində qalanlar toyların vaxtını dəyişir”, deyə şadlıq evinin sözçüsü əlavə edib. Təbrik Palace-dan da toyların dayandırılması ilə bağlı hər hansı rəsmi qərarın olmadığı qeyd olunub.

Görünən odur ki, sözügedən məsələ mənəvi və şəxsi istəyə bağlı olaraq tənzimlənir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR