Bu il peşə hazırlığına cəlb edilən 914 nəfər işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşə öyrən, işsiz qalma” devizi ilə hazırlıq kurslarının təşkili və kursu uğurla bitirən müdavimlərin işlə təminatı prosesi davam edir.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, cari ilin 8 ayı ərzində Agentlik tərəfindən 2786 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlardan 1404 nəfəri kursu başa vurub və artıq 914 nəfərin işlə təminatı həyata keçirilib. Hazırda 910 nəfərin tədrisi isə davam edir.

Qeyd edək ki, Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı həyata keçirilir. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçmələrinə də şərait yaradılır.

Peşə hazırlığı müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də verilir. Kursların sonunda imtahanlardan uğurla keçən məzunlara sertifikatlar təqdim edilir və onların işlə təmin olunmalarına dəstək göstərilir.

Agentliyin Bakı, Gəncə şəhərlərində və Göyçay rayonunda müasir tələblərə uyğun peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR