"2023-cü il ölkəmizdə "Laçın ili" elan edilsin" -

"Təklif edirəm ki, 2023-cü il ölkəmizdə "Laçın ili" elan edilsin”.

Metbuat.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. Ekspert deyir ki, Prezidentin 5 yanvar 2022-ci il tarixli 3096 saylı Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni- mənəvi dəyəri nəzərə alınaraq 2022-ci il "Şuşa İli" elan edilmişdi:

"Bu il ərzində Şuşada xeyli sayda beynəlxalq və ölkədaxili tədbirlər keçirilmiş, bu gözəl şəhərimiz və onun taleyi bütün dünyaya tanıdılmışdır. Həmin tədbirlər ilin sonunadək və yəqin ki, gələcəkdə də davam edəcək. "Şuşa ili" həm də Şuşada çox ciddi bərpa və quruculuq işləri ilə yadda qalacaq".

Ə.Hüseynov həmçinin qeyd edib ki, Laçın şəhəri və Laçın rayonu ölkəmizin qərb zonasının – Qarabağın və Şərqi Zəngəzurun əsas dayaq nöqtəsidir: "Laçın şəhərinin, onun başına gətirilənlərin də bütün dünyaya tanıdılması, onun abad və müasir bir şəhərə çevrilməsi çox vacibdir. Ümid edirəm ki, "Laçın ili" çərçivəsində cənab R.T.Ərdoğanın məşhur "Ay Laçın, can Laçın..." şerini bu gözəl şəhərimizdə deməsinə şahid olmaq 2023-cü ildə bizə qismət olacaq...".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR