“İranda aksiyalar uzun müddət davam edərsə, rejimi devirə bilər” -

Xəbər verdiyimiz kimi, artıq altıncı gündür ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar səngimir və hazırda ölkənin azı 24 ostan və 36 şəhərində nümayişlər keçirilir.

Məlumatlara görə, Tehran, Məşhəd, İsfahan, Rəşt, Kərəc və əsasən kürdlərin yaşadıqları şəhərlərdə keçirilən etiraz aksiyalarında qadınların çoxu hicablarını çıxarıb və hökumət əleyhinə şüarlar səsləndiriblər. Etiraz aksiyaları Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə də keçirilir. Sosial şəbəkədə yayılan videolara əsasən, Güney Azərbaycanın bir sıra şəhərlərində - Təbriz, Urmu, Həmədan, Zəncan, Qəzvin, Ərdəbil və s. kütləvi etiraz aksiyaları olub. Nümayişçilər “Ədalət, azadlıq, milli hökumət”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Qadın-kişi əl-ələ, zülmün başını əzməyə” və s. şüarlar səsləndirirlər.

İranlı araşdırmaçı jurnalist Elyar Kamrani hadisələrlə bağlı Metbuat.az-a müsahibə verib. Onun sözlərinə görə, İranda bu formada geniş etirazlar ilk dəfədir baş verir.


Elyar Kamrani

“Bu 1388-ci ildən sonra ( 2009-cu il) İranın hazırki rejiminə qarşı olan ən böyük etiraz aksiyasıdır. 13 il öncə belə bir etiraz keçirilsə də, o lokal xarakter daşımışdı və o qədər də geniş əraziləri əhatə edə bilmədi. Bu aksiya iştirakçıları birlik olmağa davam edərlərsə rejimi devirə bilərlər. Əgər etirazçılar rejimi devirəcək qədər güclü olmasa, o zaman əminliklə deyə bilərik ki, bu İranın hazırki hakimiyyətinə ciddi zərbə vuracaqdır. Bundan sonra hakimiyyət məcbur olub verdiyi qərarlardan dolayı geri addım atacaqdır. Ümid edirəm ki, hakimiyyətə müxalif olanlar birlik olub etirazlara davam edərək, hazırki rejimi daxildən zəiflədib hətta dəyişdirə də biləcəklər”.

Qeyd edək ki, sentyabrın 22-də İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə ölkədə “Instagram” və “Whatsapp” sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb. Fars informasiya agentliyi bildirir ki, qadağaya səbəb sosial şəbəkələrdə ölkənin milli təhlükəsizliyi əleyhinə addımların qarşısını almaqdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR