Nazirlik deyir şəhidə ev tikilib, ailə isə bunu təkzib edir -

Şəhid ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatın doğru olmadığını, onlar üçün evin tikilmədiyini deyir.

Metbuat.az xəbər verir ki, 2021-ci İlin iyun ayının 1-də ƏƏSMN Bərdənin Lək kəndində Vətən müharibəsi şəhidi Asif Abışov üçün fərdi ev tikilməsi ilə bağlı məlumat yayıb. Ölkənin bir çox media qurumları bu məlumatı göndərilən formada mətbuatda dərc edib.

Ötən gün şəhid Asif Abışovun anası İsbət xanım redaksiyamıza müraciət edərək bildirdi ki, bu barədə məlumat yalnışdır. Nazirlik ev tikməyib, evdə bəzi kosmetik toxunuşlar və həyətdə darvaza tikilib:

“Hamı bizə deyir ki, sizə ev verilib. Saytlarda xəbəri oxuyanda çox hiddətləndim. Həmin evin biz 90-cı illərdə bünövrəsini qoymuşuq. Şəhid oğlumun köməyi ilə biz evimizin tikintisini bitirib 2011-ci ildə köçmüşük. Bununla bağlı bizdə rəsmi sənədlər də var. Oğlum şəhid olandan sonra nazirlik sadəcə evdə yüngülvari kosmetik işlər aparıb. Bir də həyətimizdə qonşumuzla aramızda hasar çəkdirib. Amma yayılan məlumatda qeyd edilib ki, bizim üçün ev tikilib. Ev bizimdir, biz tikmişik. Belə yalan məlumatla şəhid ailəsini bir də öldürürlər. Məlumatda o da qeyd edilib ki, ev müasir tələblərə uyğun tikilib. Elə müasir ev tikibsə, bəs indi evimin damı niyə çürüyüb su axıdır?".

İsbət xanım deyir ki, bununla bağlı nazirliyə müraciət edib. Nazirlikdən bildirilib ki, saytlar bu xəbərlə reytinq qazanır: "Nazirliyə məktub yazaraq müraciət etdim. Mənə cavab gəldi ki, saytlar bu xəbəri reytinq üçün paylaşıb".

"Prezidenin bizə ayırdığı vəsait və "Yaşat" fondunun bizə ayırdığı vəsaitdən başqa bizim üçün nəsə edilməyib. Şəhidimizin məzar daşı üçün, dəfni üçün bizə yardım edilib. Biz şəhid anası olaraq həmişə Prezidentimiz yanındayıq, "dəmir yumruğ"un ətrafında birləşmişik. Amma ƏƏSMN-nin məlumatda yaydığı ev tikildi məsələsi düzgün deyil. Bizim üçün ev tikilməyib, bəzi kosmetik işlər aparılıb", - deyə İsbət xanım bildirdi.

Qeyd edilən xəbəri buradan oxuya bilərsiniz: https://metbuat.az/news/1408398/berdede-sehid-aile...

Şəhid ailəsinin narazılığı ilə bağlı nazirliklə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, şəhid ailəsinin evi təmir edilib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial tərəfdaşın dəstəyi ilə Bərdə rayonunun Lək kəndində Vətən müharibəsi şəhidi Asif Əlövsət oğlu Abışovun ailəsi üçün fərdi yaşayış evi 1 iyun 2021-ci ildə təmir edilərək ailəsinə təqdim edilib. Təmir zamanı ailə üzvlərinin istək və təklifləri nəzərə alınmaqla, ev müasir tələblərə uyğun şəkildə tam təmir edilərək ailənin istifadəsinə verilib. Görülən işlər çərçivəsində fərdi evin tavanı, döşəməsi, pəncərələri və digər bütün vacib hissələri tamamilə müasir tələblərə uyğun olaraq təmir edilib. Bununla yanaşı ev müasir istilik sistemləri ilə təchiz olunub, evin fasadı tamamilə hazır vəziyyətə gətirilib. Əlavə olaraq həyətyanı sahədə 190 metr uzunluğunda hasar tikilib. Evin köhnə və yeni vəziyyətini əks etdirən fotoları təqdim edirik".

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Abışov noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub.

Asif Abışov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR