Dəmiryolçular 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

12:23 19 Yanvar 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 20 Yanvar faciəsinin anma mərasimi keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən AzərTAc-a bildiriblər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səhmdar Cəmiyyətin sədr müavini Qurban Nəzirov qanlı hadisədən bəhs edərək bildirib ki, bu günlərdə ölkəmizdə və eləcə də dünyanın bir çox yerlərində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma mərasimləri keçirilir: “Xalqımızın tarixinə qanlı və şanlı səhifə kimi yazılan 20 Yanvar faciəsinin 25-ci ildönümü dövlət səviyyəsində ölkəmizin hər yerində qeyd olunur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdikləri qırğında yüzlərlə soydaşımız şəhid oldu, yaralandı. İndi o dəhşətli gecədən iyirmi beş il keçir. Hər il bu ərəfədə anım tədbirləri keçirilir, şəhidlərin ruhuna dualar oxunur”.
Natiq tarixə qısa ekskurs edərək hadisələrin sonrakı mərhələləri haqqında danışıb. Bildirib ki, Bakı küçələrinin qana bələnmiş ağır günlərində faciənin səbəb və mahiyyətini daha dərindən başa düşüb mənsub olduğu xalqın kədərinə qəlbən ağrıyan bir insan, dahi şəxsiyyət var idi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş verən və xeyli insan qırğını ilə nəticələnən bu hərbi müdaxilədən böyük sarsıntı keçirən həmin müdrik və uzaqgörən şəxsiyyət Heydər Əliyev idi.
O, qırğın baş verən günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və kütləvi informasiya vasitələri vasitəsilə Bakıda törədilən qırğına öz etiraz səsini ucaltdı. Ulu Öndərin Bakıya ünvanladığı teleqramda deyilirdi: “Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram. Mən teleqramın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm”.
Q.Nəzirov daha sonra qeyd edib ki, 20 yanvar 1990-cı il tarixdə öz azadlığı və istiqlaliyyəti uğrunda mübarizəyə qalxmış insanlar arasında dəmiryolçular da olub. Həmin faciəli gecədə yüzlərlə ölən və yaralananlar arasında 11 nəfər dəmiryolçu və onların ailə üzvləri də var idi. Cəmiyyət rəhbərliyi hər il onlara maddi və mənəvi dəstək olur.
Sonra Fazil İbrahimov, Jalə Əfəndiyeva, Vasif Süleymanov çıxış edərək, 20 Yanvar hadisələrinin yaranma səbəbləri, tarixdəki rolu haqqında danışıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Demiryolchular_20_Yanvar_sehidlerinin_xatiresini_yad_edibler-825701

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR