Ermənistanla sülh müqaviləsinin imzalanması barədə əhali nə düşünür? -

Sosial Tədqiqatlar Mərkəzi (STM) Ermənistanın Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi təxribatlarına qarşı həyata keçirdiyi “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini nəzərə alaraq növbəti dəfə bu mövzuda ictimai rəy sorğusu keçirib.

Metbuat.az xəbər verir ki, Sorğunun nəticələri Şuşa şəhərində elan edilib.

Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin yarıdan çoxu, yəni 53.5%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inanır (müvafiq olaraq - tam inanıram 28.3%, əsasən inanıram 25.2). Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına əsasən inanmayanlar 6.2% təşkil etdiyi halda, heç inanmadığını deyənlərin göstəricisi 36.9% olub. Cəmi 3.4% respondent bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin 2022-ci ilin may ayında keçirdiyi rəy sorğusunda yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına respondentlərin ümumilikdə 65.2%-i inandığını ifadə edib.

Bu sual üzrə əldə edilən nəticənin təhlili bizə onu deməyə əsas verir ki, respondentlərin müəyyən bir hissəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inamsızlığın səbəbi Ermənistanın Azərbaycanla dövlət sərhədinin müxtəlif istiqamətlərində davamlı təxribatları fonunda Azərbaycanın sərhəd bütövlüyünün tam olaraq təmin edilməsi üçün irəli sürülən təkliflərlə razılaşmayaraq prosesin həllini yubatması ilə bağlı ola bilər.

Sorğu nəticələrinin təhlilə əsasən, Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğu qənaətini bölüşənlərin mühüm hissəsi (51.9%-i) eyni zamanda yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inanan respondentlərdir. Bu mövqe respondentlərin sülhə məcburetmə prosesində hərbi əməliyyatların rolunu istisna etmədiyini göstərir.

Ümumilikdə, respondentlərin əhəmiyyətli bir hissəsi (71.2%) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını (müvafiq olaraq tam dəstəkləyirəm - 50.2%, əsasən dəstəkləyirəm 21%) dəstəklədiyini ifadə edib. Ermənistanla sülh müqaviləsinin imzalanmasını respondentlərin 2,6%-i əsasən, 23,6%-i heç dəstəkləmədiyini bildirib. Cəmi 2.6% respondent bu suala rəyini ifadə etməkdə çətinlik çəkib. Ali təhsilli respondentlərin 78.3%-i ,orta orta təhsillilərin 67.3%-i Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını ümumilikdə dəstəkləyib.

Ermənistanla sülh müqaviləsinin imzalanmasını bu və ya digər dərəcədə dəstəkləyən 71.2% respondentin 86.9%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanır.

Həmçinin qeyd edək ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasını bu və ya digər dərəcədə dəstəkləyənlərin 68.9%-i Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür.

Ümumiyyətlə, yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına inam və ermənilərin Qarabağda yaşaması barədə sorğu nəticələrinin təhlili bizə onu deməyə əsas verir ki, Ermənistanda revanşist siyasət yürüdən qüvvələrin Azərbaycanla dövlət sərhədinin müxtəlif istiqamətlərində davamlı təxribatları fonunda sülh prosesinə maraqlı olmamaları ictimai rəydə buna adekvat mövqelərə gətirib çıxarır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR