"Vətənlə özün arasında yerləşən mənəvi bağ"

Tarix hər zaman müxtəlif xalqların yaranması və süqutuna şahidlik edib. O xalqlardan bəziləri öz dilini unudub, bəziləri yaradılış tarixini, bəziləri isə öz başına gələn hadisələri. Xalq o zaman öz dövlətini qurma kamilliyinə çatır ki, yuxarıda sadalanan 3 komponentdən heç birini unutmur, vahid amal uğrunda birləşməyi bacarır. Azərbaycan xalqı yarandığı gündən öz tarixini, mədəniyyətini, dövlətçilik ənənələrini nəsildən-nəslə ötürməyi bacarıb.

Vətən isə elə bir anlayışdır ki, dövlət öz sütunlarını bununla müəyyənləşdirir. Vətənpərvər olmaq isə, Vətənlə özün arasında mənəvi bağ formalaşdırmaqdır. Məhz bu bağ insanı daha da məsuliyyətli edir, Vətəni dəyərə çevirir. Bu dəyəri itirən xalqlar isə, heç şübhəsiz ki, tarix səhifəsindən silinir, yox olur.

Bizim mənəvi gücümüz onda idi ki, biz öz tariximizi, keçmişdə hansı qanlı faciələrdən keçdiyimizi unutmamışdıq. Dərsliklərin ilk səhifəsindəki “Qarabağı unutma!”, “Qan yaddaşımız” bölmələri sanki təhtəlşüurumuza yerləşmişdi. 20 Yanvar, Xocalı Soyqırımı hadisələrinin ildönümü zamanı 1 dəqiqəlik sükut elan ediləndə sanki hər şey gözümüzün qarşısından bir film lenti kimi keçirdi. Nə qədər ağrılı, acılı olsaq da, bir gün bu torpaqların işğaldan azad olunacağı, bütün şəhidlərimizin qisasını alacağımıza inanırdıq.

Əsrlərə bərabər 44 gündə müzəffər ordumuz torpaqlarımızı düşmən işğalından azad edərək, öz missiyasının öhdəsindən layiqincə gəldi. Xalqımız bir yumruq kimi cənab Ali Baş Komandanın ətrafında sıx birləşərək böyük birlik və həmrəylik nümayiş etdirdi. İnformasiya müharibəsində də yenilmədik. Böyük bir şəbəkə yaradaraq təxribatlara qarşı birlikdə mübarizə apardıq.

Qarabağ artıq azaddır. Biz isə bu gün heç olmadığımız qədər qürurluyuq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Arif Rəhimli, “İrəli” İctimai Birliyinin Mətbuat katibi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR