Bayden pandemiyanı bitmiş “elan etdi”, ÜST qərarı nə vaxt açıqlayacaq?

Mütəxəssislər hesab edir ki, pandemiyanın bitməsi o demək deyil ki, artıq koronavirusa yoluxmalar yoxdur.

Metbuat.az xəbər verir ki, ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros Qebreyesus COVİD pandemiyasının bitməsinə az qalması haqda açıqlama vermişdi. Onun sözlərindən aydın olmuşdu ki, yaxın vaxtlarda buna dair rəsmi qərar ola bilər. Deyəsən, o günə az qalıb. Belə ki, ABŞ grezidenti Co Bayden COVİD-19 pandemiyası səbəbi ilə pozulmuş ənənəni bərpa edib. Yəni o, dekabrın 1-də ölkəsinə rəsmi səfərə gələcək fransalı həmkarı Emmanuel Makronu Ağ Evdə qəbul edəcək.

COVİD səbəbindən 2 ildən çoxdur ki, prezidentin ənənəvi olaraq Ağ Evdə keçirdiyi bir çox şəxsi tədbirləri ləğv olunmuşdu.

Əgər ABŞ COVİD-lə bağlı qadağaları artıq aradan qaldırırsa, deməli, bəşəriyyət üçün bu problem geridə qalmış hesab oluna bilər. Bəs rəsmi qərar niyə gecikir? İlin sonunadək ola bilərmi?

Mövzu ilə bağlı ÜST-in Bakı ofisindən “Yeni Müsavat”a bildirilib ki, yaxın günlərdə məsələ ilə bağlı açıqlama veriləcək. Bununla belə, yaxın günlərdə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında Azərbaycanda pandemiya ilə bağlı vəziyyəti açıqlayıb. O deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi artıq pandemiyanın sonuna yaxınlaşması ilə bağlı iş görüldüyünü bildirib: “Azərbaycanda koronavirusdan ölüm halları minimal səviyyədədir. Yoluxanlar hələ də var. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm. Azərbaycanda yetərincə vaksin var. Bu günə qədər peyvənd vurdurmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram”.

Bununla belə, mütəxəssislər hesab edir ki, pandemiyanın bitməsi o demək deyil ki, artıq koronavirusa yoluxmalar yoxdur. Yoluxmalar var, bəlkə də əvvəlkindən daha çoxdur. Sadəcə olaraq, xəstəliyin şiddəti azalmış, insanlar yoluxduqda simptomlar ortaya çıxmır və ya yüngül keçirirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR