“İrandakı nümayişlər təkcə qadınların məsələsi yox, çürümüş rejimə etirazdır” -

“Bu etirazlarda qadınların problemləri önə çıxdı. Qadınların inqilabı və qadınların üsyanı olaraq adlandırıldı. Ancaq məsələ artıq sadəcə qadın məsələsi deyil. İran rejiminin bütün strukturları ilə bağlı olaraq bu çürümüş sistemin varlığına etirazdır”.

Bu fikirləri Metbuat.az-a sosioloq Ural Hatəmi İranda baş verən nümayişlərlə bağlı hazırkı vəziyyəti şərh edərkən deyib. Müsahibimiz hesab edir ki, qadınların geyimi və həyat tərzinə müdaxilə etmək İranın ideologiyasının bir hissəsidir.


Ural Hatəmi

“1979-cu ildə inqilabdan sonra rejimin ilk işlərindən biri cəmiyyətin ümumi sahələrində qadınların həyatını məhdudlaşdırmaqla bağlı oldu. 5-10 il bundan əvvələ qədər İranda hərkəs saqqalını kəsə bilmirdi. Universitetlərdə qolu-qısa köynək geymək mümkün deyildi. Yəni bu rejim ideologiyası etibarı ilə insanların geyimi, həyat tərzi, dünya görüşü, nə içəcəyi, nə yeyəcəyi və hər şeyinə qarışan bir rejimdir. Bu nümayişlərdə iqtisadiyyatda baş verən problemlərdən tutmuş işsizliyə, haqsızlıqlara, İrandakı millətlərin vəziyyətinə qədər, İran çərçivəsində olan bütün problemlər etiraz formasına səsləndirilir və bu davam edəcəkdir”.

Hüquq müdafiəçisi Haqan Türkellinin fikrincə, yeganə çıxış yolu hakimiyyətin dəyişməsidir. O hesab edir ki, indiki rejimin yerinə bənzər düşüncəli alternativlərin gəlməsi də xalqlara heç nə vəd etmir:

Canımız bu vətənə fəda olsun -

Haqan Türkelli

“İran əsarətindəki xalqlar öz milli azadlığını, milli hökumətlərini tələb edirlər. Bu rejimin mərkəzçi alternativləri düşüncə etibarı ilə hazırkı hakimiyyətdən çox fərqlənməsə də, heç bir alternativ bu vəhşi rejimdən pis ola bilməz. Əlbəttə ki, Güney Azərbaycan müstəqillik istəyi ilə mübarizə aparır. Amma təkbaşınadır. Oradakı qardaşlarımızın Azərbaycan və Türkiyənin dəstəyinə ehtiyacı var”.

Qeyd edək ki, İranda etirazlar davam edir. İranın Tehran şəhərində sahibkarlar etirazlara dəstək nümayiş etdiriblər. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Bildirilir ki, Tehranın “17 Şəhrivər” prospektindəki mağaza sahibləri obyektlərin qapılarını bağlayaraq ümumölkə tətillərinə qoşulublar. Oktyabrın 1-də İran daxilində və bu ölkənin xaricdəki səfirlikləri qarşısında etiraz aksiyaları keçiriləcək. Tehranlı tələbə və gənclərin yaydığı bəyanatda isə həmin gün yerli vaxtla saat 14:00-da Tehran Universitetlərinin qarşısında aksiyaya çağırış edilib. Bununla yanaşı İran hökumətinə müxalif təşkilat və qruplar da, oktyabrın 1-də İranın xarici ölkələrdəki səfirlikləri qarşısında etiraz aksiyalarının keçiriləcəyi ilə bağlı bildiriş yayıblar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR