​Rusiya elitasında ziddiyyətlər dərinləşir:

"Rusiyanın siyasi-ictimai elitasında mövcud vəziyyətin olduqca təhlükəli olduğunu anlayanlar kifayət qədərdir. Onların bir çoxu bəzi reallıqları açıq şəkildə dilə gətirməyə cəsarət etmirlər. Çünki, bu halda, Rusiyada "müharibə dövrünün qanunları" onları da hədəfə ala bilər".

Bu fikirləri Metbuat.az-a siyasi şərhçi Elçin Xalidbəyli deyib. Bu barədə hələlik "qırmızı cizgiləri" keçmədən danışanların olduğunu bildirən politoloqun sözlərinə görə, belələrinin əsas hədəfi əsla Rusiyanın Ukrayna savaşına başlamaqla, taleyüklü səhvə yol verdiyini arqumentləşdirmək deyil. Əksinə, "tənqid edənlər" savaşı dəstəklədiklərini qabardırlar və savaş meydanındakı məğlubiyyətləri konkret hərbi məmurların üzərinə yükləyirlər.


Elçin Xalidbəyli

"Belə anlaşılır ki, Rusiyanın hərbi-siyasi elitasında daxili çəkişmələr mövcuddur. Bu çəkişmələr hərbi məğlubiyyətlərdən istifadə edərək, rəqiblərin sıxışdırılmasına cəhdlər ilə müşayiət olunur. Bəzi məlumatlara görə, Rusiyada üç hərbi güc mərkəzi fəaliyyət göstərir və onların arasında kəskin ziddiyyətlər mövcuddur. Hazırda Rusiya Müdafiə Nazirliyi, Rosqvardiya və "Vaqner" hərbi şirkəti arasında amansız mübarizə gedir. Müşahidələrə əsasən, Rosqvardiya və "Vaqner"in Rusiya Müdafiə Nazirliyinə qarşı birləşdiyini ehtimal etmək olar. Onu da qeyd etmək lazımdır ki, belə daxili çəkişmələr ən çox Putin hakimiyyətinə təhlükə yaradır. Hər halda, Ukrayna savaşındakı ağır məğlubiyyətlərlə yanaşı, Rusiyanın hərbi güc mərkəzləri arasındakı ziddiyyətlər də Putin hakimiyyətini zəiflədir. Çünki, son vaxtlara qədər bu güc mərkəzləri arasında balansın qorunmasına nail olan prezident Vladimir Putinin indi bu məsələdə hər ötən gün daha çox dalana dirəndiyi bildirilir. Hər halda, Kreml sahibi əvvəl-axır qarşıduran tərəflərdən hansınınsa, müdafiə etmək məcburiyyətində qala bilər. Bu isə istər-istəməz balansın pozulması, Putin hakimiyyəti daxilində gərginliyin həlledici mərhələyə keçməsi deməkdir".

Analitikin fikrincə, Kreml sahibi Ukrayna savaşından mümkün qədər tez bir zamanda çıxmağın yollarını axtarmaq məcburiyyətində qalıb. Ancaq Putin hakimiyyətinin davam etməsi üçün Rusiyanın qalıb görkəmdə çıxması əsas şərtlərdən biridir. Əks halda, Ukraynaya qarşı savaşın niyə başladıldığı, bu müharibədə çoxlu sayda canlı qüvvə və hərbi texnika itkilərinin səbəbini izah etmək çətin olar. Və bu, onsuz da nüfuzu bütün hakimiyyəti dövründə ilk dəfə bu qədər sarsılmış prezident Vladimir Putinin sonunu gətirə bilər.

"Təbii ki, Kreml sahibi bunu hamıdan yaxşı anlayır. Ona görə də, ata biləcəyi son addımları sınaqdan çıxarır. Belə ki, bir tərəfdən, qismən səfərbərlik elan edərək, ABŞ və Qərbə Rusiya ordusunun yenidən gücləndirilməkdə olduğunun mesajını verməyə çalışır. Digər tərəfdən isə, Ukrayna ərazisini beynəlxalq hüquq normalarına zidd "referendum"larla parçalayıb, ilhaq edir. Bununla da, Rusiya cəmiyyətinə Ukrayna savaşında ölkənin qalib durumda oldunu qəbul etdirməyə cəhd göstərir. Halbuki, Kreml sahibi özü də bilir ki, ilhaq olunmuş torpaqlar heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq. Ona görə də, Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı "mərasim"də prezident Vladimir Putin rəsmi Kiyevə sülh danışıqları təklif etdi. Əsas məqsəd ondan ibarətdir ki, sülh danışıqlarında Ukrayna indiki situasiyanın beynəlxalq hüquqla tanınması ilə razılaşsın. Və Kreml sahibi rəsmi Kiyevi, eləcə də, Rusiya əleyhinə beynəlxalq koalisiyanı buna məcbur buraxmaq üçün ən yolverilməz hərbi təhdid mexanizmini - nüvə silahını da dərhal ön plana çıxartdı. Göründüyü kimi, Rusiya və Putin hakimiyyəti həm savaş meydanında, həm də ölkədaxili məkanda çıxılmaz "labirintə" düşüb. Yeganə xilas yolu isə məhz ABŞ və Qərbin, eləcə də Ukraynanın da bu "labirint"in içinə çəkilməsi ola bilər. Və nüvə müharibəsinə başlamaqla bağlı təhdidlər də məhz bu məqsədə xidmət edir. Maraqlıdır ki, Ukrayna ordusu ilk mərhələdə Kreml sahibinin ilhaq prosesi üzərindən qurduğu planları pozmağa başlamış kimi görünür. Çünki, Kremlin ilhaq etdiyi coğrafi ərazinin tərkibinə daxil olan strateji əhəmiyyətli Liman şəhəri işğaldan azad edilib. Bununla da, Kremlin Rusiyanın "yeni sərhədləri" içərisində hesab etdiyi ərazilərdə döyüş əməliyyatlarına cəsarət edilməyəcəyi ilə bağlı ümidlər dərhal dağıdılmış oldu".

Elçin Xalidbəyli onu da qeyd etdi ki, belə vəziyyət Kremli daha böyük hərbi-siyasi təhlükə qarşısında buraxır. Çünki, strateji Liman şəhərində Rusiyanın minlərlə canlı qüvvə və çoxlu sayda hərbi texnika itirdiyi bildirilir. Üstəlik, bu hərbi məğlubiyyət Rusiya hərbi-siyasi elitasında və cəmiyyətində həm narazılıqları, həm də ziddiyyətləri dərinləşdirir. Və yaxın vaxtlarda Rusiyada qismən səfərbərliyin də əlavə impuls verdiyi ölkədaxili kütləvi etiraz aksiyalarının intensivləşə biləcəyi də qətiyyən istisna deyil.

"Hazırda Kreml sahibi öz hakimiyyətini və Rusiyanın beynəlxalq mövqelərini xilas etmək üçün əlindəki sonuncu hərbi-siyasi təsir mexanizmini işə salmaq məcburiyyətində qalmış kimi görünür. Son məlumatlara görə, Rusiyanın hərbi-siyasi elitasında Ukraynaya qarşı taktiki nüvə silahından istifadə mövzusu ciddi şəkildə müzakirə olunur. İddialara görə, bu qorxunc silahdan istifadə edilməsinin həm tərəfdarları, həm də əleyhdarları kifayət qədərdir. Maraqlıdır ki, Rusiya siyasi dairələrində artıq açıq şəkildə taktiki nüvə silahından istifadəyə çağırışlar edilməyə başlayıb. Bu çağırışlar bir tərəfdən Ukraynanın rəsmi dairələrini, digər tərəfdən isə ABŞ və Qərbi şantaj etmək məqsədi güdür. Və buna verilən reaksiyalar da qətiyyən birmənalı deyil. Məsələ ondadır ki, prezident Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmadığını açıq şəkildə bəyan edib. Üstəlik, ABŞ və Qərbi nüvə təhdidləri qarşısında geri çəkilməməyə, daha cəsarətli olmağa çağırıb. Eyni zamanda, prezident Vladimir Putinin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə sülh danışıqları aparılmayacağını da birmənalı şəkildə vurğulayıb. Qərbdə isə heç də hamı prezident Volodimir Zelenski qədər optimist deyil. Hesab olunur ki, prezident Vladimir Putin ən çıxılmaz vəziyyətdə taktiki nüvə silahından istifadə etmək qərarı verə bilər. Bu isə yalnız Ukrayna deyil, bütün dünya üçün faciəvi nəticələr vəd edir",-deyə E.Xalidbəyli fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR