Edilli kəndində tapılan kütləvi məzarlıq erməni vəhşiliyinin əyani sübutudur -

Xəbər verdiyimiz kimi, oktyabrın dördündə Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlandı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı da məlum olub. Bu məzarlığın aşkarlanması faktı Ermənistan silahlı qüvvələrinin, eyni zamanda, erməni separatçı rejiminin silahlı hərbi birləşmələrinin daha bir hərbi cinayətinin göstəricisi olduğuna daha bir sübut oldu.

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə Metbuat.az-a açıqlamasında bildirib ki, müharibədən sonrakı dönəmdə Edilli və ətrafında, eyni zamanda işğal olunmuş digər ərazilərdə tapılmış insan skeletləri sübut edir ki, ermənilər Birinci Qarabağ müharibəsi dövründə götürdükləri azərbaycanlı əsirlərlə kifayət qədər qəddar şəkildə davranaraq o əsirləri müxtəlif formalarda təhqirlərə, təzyiqlərə məruz qoyaraq onları dəhşətli bir şəkildə qətlə yetiriblər.

Elnur Kəlbizadə

“Ermənilər qətl etdikləri həmin insanları işğal etdikləri ərazilərin müəyyən hissələrində kütləvi şəkildə torpağın altına basdırmaqla öz vandal xarakterlərini bir daha nümayiş etdiriblər. Onlar bu yolla da öz cinayətlərini ört basdır edəcəklərini düşünüblər. Hazırda bir çox ekspertlərin, təhlilçilərin fikirləri də belə məzarlıqların, insan qalıqlarının daha çox tapıla biləcəyi istiqamətindədir. Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə bəzi mənbələrə görə, hətta dörd minə yaxın azərbaycanlı ilə bağlı məlumat hələ də yoxdur. Onların hansı şəraitdə saxlandığı, qətlə yetirilib-yetirilmədiyi ilə bağlı məlumatlar yox idi. Edillidə aşkarlanan insan cəsədlərinin basdırıldığı ərazilər sübut edir ki, ermənilər Birinci Qarabağ müharibəsi dövründə əsir götürdükləri azərbaycanlılara qarşı ən ağır təzyiqlər göstərmiş, qeyri-insani davranışlar nümayiş etdirmişlər. Aşkarlanan hər bir məqam, fakt ətraflı şəkildə öyrənilməli, bu cinayətləri törədən şəxslər mütləq cəzasını almalıdırlar. Azərbaycan dövləti bunun üçün beynəlxalq hüquqa əsaslanaraq hüquqi addımlar atmalıdır. Beynəlxalq təşkilatların diqqəti bu istiqamətdə cəlb edilməlidir və beləliklə də ermənilərin vəhşiliyi bir daha dünyaya göstərilməlidir”.

Millət vəkili Cavid Osmanov isə hesab edir ki, 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır.

Cavid Osmanov

“Ermənilərin törətmiş olduqları bu cinayətlər bir daha sübut edir ki, terrorçuluq bunların dövlət siyasətidir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu cinayətlərini görməzdən gəlir. Heç bir təzyiq və təsirlərin olmaması isə sanki Ermənistanı növbəti cinayətlərə sövq edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün qanlı cinayətlər həm də Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozmasının göstəricilərdir. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 197-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərmişdir”.

Millət vəkili Metbuat.az-a açıqlamasında xüsusilə vurğuladı ki, ermənilərin 44 günlük Vətən müharibəsi zamanı törətdiyi müharibə cinayətlərini də mütləq şəkildə qeyd etmək lazımdır. Müsahibimiz deyir ki, hərbi əməliyyat zonasından kilometrlərlə uzaq şəhər, rayon və kəndlərimizin qadağan olunmuş ballistik raketlərlə vurulması, post-münaqişə dövründə isə mina xəritələrinin təqdim edilməməsi Ermənistanın müharibə cinayətlərinin tərkib hissəsidir. Həmçinin bu beynəlxalq humanitar hüququn kobud qaydada pozulması deməkdir.

“Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanan kütləvi məzarlıq bir daha sübut edir ki, Ermənistan ordusu terrorçu ordudur. Əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi Üçüncü Cenevrə Konvensiyasına əsasən ən ağır beynəlxalq cinayətdir. “Hərbi əsirlərlə rəftara dair” Konvensiya, hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Bu normanın tam əksinə erməni tərəfi hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar etmişdir, onlara işgəncələr verərək, qətlə yetirmişdir. Bütün bunlardan əlavə, itkin düşmüş 3890 azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan bu günə qədər məlumat verməyərək öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir. Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olmuşdur. Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz humanizm prinsipini hər zaman rəhbər tutaraq beynəlxalq humanitar hüququn normalarına riayət etmiş, öz daxili qanunvericiliyində onların tam və dolğun implementasiyasını həyata keçirmişdir. 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşmənə döyüş meydanında layiqli cavab verməsi, hərbi əməliyyatları beynəlxalq hüquq və müharibə qanunları çərçivəsində aparması bir daha sübut edir ki, Azərbaycan hər zaman beynəlxalq humanitar hüquqa sadiqdir və öz siyasətində bu sadiqliyi nümayiş etdirir”.

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov isə Metbuat.az-a şərhində söylədi ki, Ermənistan dövləti tarix boyu azərbaycanlılara qarşı etnik və digər zəmində bir çox cinayətlər həyata keçirib və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayət hadisələri uluslararası konvensiyalarda qadağan edilmiş konkret faktlar üzrə olubdur. Tural İsmayılov ermənilərin yaxın keçmişdə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Mingəçevir, Bərdə və Tərtərə etdiyi hücum faktlarını xatırladaraq qeyd etdi ki, mülki insanların hədəfə alınması nəticəsində qadın uşaq, vətəndaşlarımız Ermənistan tərəfindən qəddarcasına qətlə yetirilsə də, təəssüflər olsun ki, bu günə qədər nə ABŞ Dövlət Departamenti, nə Fransa, nə də Qərbin bu sahə üzrə məsul olan qurumları və siyasi institutları tərəfindən biz hansısa açıqlamaların şahidi olmadıq.

Tural İsmayılov

“Eyni zamanda, təkcə insanlarımıza qarşı törədilən etnik təmizləmə siyasəti burada faktor deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayət aktları çoxvektorlu cinayət aktlarıdır. Ermənilər mədəni abidələrimizə qarşı ayrı vandallıq törədilib, ekologiyamıza qarşı böyük zərbələr vurulub. Eyni zamanda Azərbaycan əraziləri işğalda saxlanılarkən ora qanunsuz miqrasiya prosesləri baş verib. Yəni bütün beynəlxalq hüquq müdafiə orqanlarının təsdiq etdiyi qərarlar və eyni zamanda beynəlxalq hüquqi mexanizmlərin hamısı Ermənistan tərəfindən sistematik şəkildə pozulub və pozulmağa da davam edir”.

Tural İsmayılov hesab edir ki, vətəndaş cəmiyyəti, ictimaiyyət nümayəndələri də informasiya savaşı prosesində fəal olub, erməni cinayətlərinin qlobal məkanda əsas gündəm və trend olmağına çalışmalıdır.

“Nə qədər ki, dünyada siyasi proseslər ədalətsizlik mexanizminin təkərləri ilə işləyib, biz əlimizdən gələni etsək də, istədiyimiz reaksiyanı ala bilməyəcəyik. Lakin istənilən halda biz yenə də mübarizəmizi davam etdirməliyik”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR