Qərbin Rusiya - Ukrayna müharibəsində YENİ PLANI:

“Krım körpüsünün partladılması, Rusiya Ukrayna müharibəsi fonunda proseslərin artıq Rusiyanın ilhaq etdiyi ərazilərə sıçraması deməkdir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bildirib. Ekspert deyir ki, hadisələr onu göstərir ki, Ukrayna – Rusiya arasında proseslər Putinin düşündüyü kimi getmir.

“Bəzi ekspertlər deyirdilər ki, Rusiyanın ilhaq etdiyi ərazilərə Ukrayna hücum edərsə, bu artıq Rusiyaya hücum sayılacaqdır. Bu düşüncələrlə onlar Rusiyanı böyüdüb nəhəng bir gücə çevirmək istəyirlər. Onlar hesab edirlər ki, guya Rusiya Ukraynaya qarşı müharibə elan etmir, sadəcə xüsusi əməliyyat keçirir. Amma bir müddət əvvəl Ukrayna Krım hava limanını vurmaqla göstərdi ki, heç də düşünülən kimi deyil. Krım körpüsünün yandırılması ilə Rusiya üçün potensial problem yarandı. Bu günə qədər körpü vasitəsilə Rusiya Krımı mühafizə edirdi. Bu gün baş verən hadisədən sonra kommunikasiya, nəqliyyat vasitələrinin logistik baxımdan fəaliyyəti ən azı bir müddət məhdudlaşacaq və bu da əslində Rusiya üçün böyük bir problemdir. Hesab edirəm ki, Ukrayna məqsədli şəkildə körpünü partlatdı və bununla da Rusiyaya “Krımı qopardacağam” mesajını verdi.

S.Hümbətov qeyd etdi ki, yaxın zamanda Ukrayna iki formalı hücum təşkil edərək, Qara dəniz hətta Azov dənizinə qədər gəlib çıxaraq Krımı Luqans, Donetskdən ayıra bilər. Bununla da Rusiyanın başını Krım istiqamətinə yönəldərək, Donetsk, Luqansk, Zaporoje və digər əraziləri işğaldan azad edilə bilər.

“Bu addım ilə Ukrayna Rusiyanı bölgədə tamam sıxışdırmış olacaqdır. Əgər Krım ərazisində Ukrayna uğur qazanarsa, bu artıq Rusiyanın kriminal sıxışdırılması adlanacaq və müharibənin taleyini həll edəcəkdir. Bütün bu sadaladıqlarım baş tutacağı təqdirdə Ukrayna Rusiyanın imicini beynəlxalq ictimaiyyətin gözündə sındıracaqdır. Qeyd edim ki, bu plan təkcə Ukraynanın deyil həm də Qərbin düşüncəsinin məhsuludur”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR