"Azərbaycan dövlətinin Ermənistanın işğal dövründə vurduğu zərərə görə beynəlxalq məhkəməyə rəsmi şəkildə təzminat ödəməsi üçün iddia qaldırdığı elan edildi. Bu tələbin Ermənistanın qorxulu yuxusu olduğunu deməyə ehtiyac yoxdur. Təzminat tələbi tək Ermənistanın yox, onun havadarlarının da əl-qolunu bağlayan tələb olacaq".
Bu fikirləri Metbuat.az-a siyasi şərhçi Azər Qasımov deyib. Onun sözlərinə görə, bu məsələnin strateji məsələ olduğu gerçəyini uzun zamandan bura vurğulayırıq.
"Azərbaycan-Ermənistan arasındakı probleminin bir nömrəli həll yolu təzminat tələbidir. Bu tələb tək Azərbaycan üçün Türkiyə üçün də vacib və həlledici tələbdir. Azərbaycan və Türkiyə artıq heç bir beynəlxalq qanunlar çərçivəsindən kənara çıxmadan bu tələbi etməklə Ermənistan və onun arxasındakı qüvvələrin iddialarını heçə endirə bilər. Türkiyəyə qarşı edilən saxta "soyqırım" iddiasından tutmuş, Qarabağ ermənilərinə müstəqillik tələblərinə kimi bütün iddiaların geri götürülməsi məcburi hal alacaq. Ermənistan ödəməyə məhkum ediləcək milyardlarla təzminat qarşısında bütün tələblərindən öz razılığı ilə əl çəkəcək. Təbii ki, bu, ona təzminatdan yayınmaq üçün bəhanə verməyəcək. Tələb olunan təzminat mütləq ödənilməyə tabe tutulacaq. Bu isə Ermənistan üçün praktiki olaraq mümkün olmayan iş olacaq".
Analitikin fikrincə, Azərbaycan üçün təzminat müqabilində torpaq tələbi məsələnin bir tərəfidir.
"Azərbaycan bir neçə on illiklər bu təzminatın müqabilində Ermənistanın bir çox iqtisadi, təbii ehtiyatlar və infrastruktur sahələrinin gəlirlərini öz idarəçiliyinə ala bilər ki, zərəri təmin etsin. Bu, beynəlxalq praktikada həmişə mövcud olub. Məsələn, Rusiya indinin özündə Ermənistanın borcları qarşılığında bir çox sahələrini bu yolla ələ alıb",- deyə A.Qasımov qeyd edib.
Xatırladaq ki, artıq Azərbaycan xalqına qarşı törədilən erməni cinayətləri ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib. Bu barədə açıqlama verən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib ki, Azərbaycan 2003-cü ildən bəri öz haqqını beynəlxalq məhkəmələrdə müdafiə edir.
"Məlum olduğu kimi, 2020-ci ilin oktyabr ayında Azərbaycan dövləti Avropa Məhkəməsinə dövlətlərarası şikayətlə müraciət edib. 2021-ci ilin yanvar ayında Azərbaycan böyük bir dövlətlərarası şikayəti təqdim edib. Həmin şikayətdə əlbəttə ki, Ermənistanın törətdiyi müharibə cinayətlərini təşkil edən əməllər təfərrüatlı olaraq əks etdirilib. Əminəm ki, Avropa Məhkəməsi ədalətli qərar qəbul edəcək və Azərbaycan əhalisinin pozulmuş hüquqlarının bərpası məqsədilə Ermənistan üzərində təzminat öhdəliyi müəyyən ediləcək”, - deyə o əlavə edib".
Gülbəniz Hüseynli / Metbuat.az