Məktəbi olmayan kəndlər:

"Qubanın Qənidərə kəndindən şagirdlərin yaxın kənddəki tam orta məktəbə daşınıb təhsil almaları üçün bizə müraciət olunmayıb. Müraciət olunsaydı, buna baxılardı".

Metbuat.az xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev deyib. O bildirib ki, artıq şimal regionu üzrə bir neçə kəndin şagirdləri dövlət hesabına başqa məktəbə aparılıb-gətirilir:

"Qubanın Qənidərə və Çayqışlaq kəndlərində ibtidai siniflər fəaliyyət göstərir. Bunlar yaxınlıqdakı kəndəki tam orta məktəbin həmin ərazidəki ibtidai sinifləridir. Həmin kəndlərdən şagirdlər ümumi orta təhsil səviyyəsində təhsil almaq üçün Zərqova, Çiçi və yaxud Kələnov kəndlərindəki tam orta məktəblərdən birini seçib oxuyurlar. Qənnidərədən bizə heç vaxt müraciət olunmayıb. Bu məsələ işıqlandırıldı və növbəti tədris ilində nəzərə alınacaq.

Hazırda Elm və Təhsil Nazirliyinin layihəsi əsasında Qubada məktəb olmayan Sofikənddən şagirdləri Çağdaşa, Gəray kəndindən Susay kəndinə daşınır. Xaçmazda Palçıqoba kəndində məktəb yanıb, yeni məktəb tikiləcək. Hazırda həmin məktəbin şagirdlər Palıdlı kəndinə daşınır. Şabranın Mumlu kəndində ümumiyyətlə məktəb yoxdur, oradakı şagirdlər isə Dağbilinciyə daşınacaq".

R.Hacıyev bildirib ki, nazirlik şagirdlərin daşınmasının əleyhinə deyil:

"Bir məktəbin tikintisindənsə, şagirdlərin daşınması daha ucuzdur. Həm də sivil mühit yaranır.Biz Mumlu kəndində məktəb tikəcəyik, bir sinifdə bir şagird olacaq. Bu, sinif deyil. Şagird gəlib başqa şagirdlərlə oturub, dərs oxuyanda, öyrənmə prosesi daha yaxşı baş verir.

Daşınmalarımızı edirik, hissə-hissə artıracayıq", -deyə təhsil idarəsinin rəhbəri əlavə edib:

"Daşınlalarla bağlı bizə iyul-avqust aylarında müraciət etməlidirlər. Çünki nazirlik artıq müvafiq şirkətlə müqavilə bağlayıb, smeta tutulub, pullar ödənilib. Bu dəqiqə o kəndləri əlavə edə bilmirlər. Qənidərədə şagirdlərin daşınması artıq növbəti tədris ilinə qalır. Bunlar planla olmalıdır".

Qeyd edək ki, Real tv-də Quba rayonunun Qənidərə kəndindəki şagirdlərin qonşu kənddə məktəbə gedib-gəlmələri üçün hər gün 5 km yol qət etmələri barədə material yayımlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR