Əhali arasında yayılan baş ağrısı, öskürək, halsızlıq simptomları -

Hazırda ölkədə insanların əksəriyyəti halsızlıq, burun axma, qızdırma, baş ağrısı, öskürək kimi simptomlar ilə müşahidə edilən infeksiyaya yoluxur.

Metbuat.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov bildirdi ki, havaların soyuduğu bu dövrdə hava-damcı yolu ilə yoluxan bu infeksiyalar ilə xəstələnənlərin sayı artıb. Həmçinin koronavirusun omikron ştamı da olduqca yüngül keçir:

"Payız-qış aylarında havaların soyuduğu dövrlərdə hər il əhali arasında hava-damcı yoluxma mexanizmlı respirator virus infeksiyaları ilə xəstələnmə hallarının sayı artır. Bu virus infeksiyaları əsasən yuxarı tənəffüs yollarını zədələyərək kataral əlamətlərlə özünü biruzə verir. Yəni bu şəxslərdə ümumi zəiflik, əzginlik, əzələ ağrıları, hərarətin yüksəlməsi ilə yanaşı burunaxması, asqıraq, boğaz ağrısı, öskürək və s. kimi simptomlar müşahidə olunur. Eyni zamanda hazırda dövriyyədə olan koronavirusun omikron ştamı da əvvəlkilərdən daha yüngül keçərək, daha az hallarda aşağı tənəffüs yollarını zədələyir. Bu da qeyd etdiyim digər respirator virus xəstəlikləri ilə oxşar klinik mənzərədir. Ona görə də hər hansı bir şəxsdə kəskin respirator virus infeksiyası və ya koronavirusun olmasını müəyyən etmək üçün klinik-epidemioloji məlumatlarla yanaşı, laborator təsdiq tələb olunur".

İnfeksionist həmçinin qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasına yoluxma hallarının payız-qış mövsümündə artacağını proqnozlaşdırıb. Hazırda isə ölkəmizdə məhz digər fəsli kəskin respirator virus infeksiyaları daha geniş yayılıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR