"Azərbaycan İsrail üçün nadir tərəfdaşdır" -

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla “Səfir saatı” layihəsi çərçivəsində İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb.

Metbuat.az-a Universitetdən verilən məlumata görə, diplomatı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor, tələbələrlə görüşə vaxt ayırdığı üçün qonağa təşəkkürünü bildirib. Kamal Abdulla qeyd edib ki, fövqəladə və səlahiyyətli səfirlərin tələbələrlə görüşü maraqlı, faydalı və yaddaqalan olur.

Azərbaycanın haqq savaşı olan 44 günlük Vətən müharibəsində həqiqətin tərəfində olan ölkə kimi İsrailə xalqımızın qəlbində dərin minnətdarlıq hissinin olduğunu deyən akademik bu mənəvi dəstək üçün təşəkkür edib:

“Əlbəttə, məmnuniyyətlə demək istəyirəm ki, İsraildə Azərbaycana münasibət çox gözəldir. İsrail multikulturalizm prinsipləri ilə yaşayan ölkədir. Biz dövlət və xalq kimi bir-birimizi çox yaxşı anlayırıq. Azərbaycanda İsrail haqqında böyük məhəbbətlə danışırlar. Müəllimlərimiz ibri dilini böyük sevgi ilə tələbələrə tədris edirlər. İsrail tarixini, mədəniyyətini, görkəmli şəxsiyyətlərini tələbələrimizə sevə-sevə öyrədirik”.

Fövqəladə və səlahiyyətli səfir Corc Dik iki ölkə arasında müxtəlif istiqamətlərdə olan əməkdaşlığı, o cümlədən, təhsil və elm sahəsində olan əlaqələri yüksək dəyərləndirib. Səfir qeyd edib ki, Azərbaycan Dillər Universiteti ibri dilinin öyrədildiyi yeganə ali məktəbdir: “Bu universitetdə dilimizin yüksək səviyyədə tədrisi məni çox sevindirir. Tələbələrinizin ibri dili biliyi yüksək səviyyədədir. Siz müəllimləriniz və tələbələrinizlə fəxr edə bilərsiniz. Azərbaycan Dillər Universiteti Azərbaycan-İsrail münasibətlərində bir körpüdür. İbri dilini öyrənən tələbələr gələcəkdə iki ölkə arasındakı münasibətlərdə öz işlərini yüksək səviyyədə görəcəklər”.

ADU-nun İsrail mərkəzi əməkdaşlarının İsrailin Yerusəlim İbrani Universitetində təşkil olunan “Dəyişkən auditor dərslərin planlaşdırılması: fərqli situasiyalarda tədrisin effektivliyini necə artırmaq olar” mövzusuna həsr olun seminarda iştirakı mövzusuna toxunan səfir bunun həm universitet, həm də İsrail və Yaxın Şərq Araşdırmaları mərkəzinin əməkdaşları üçün böyük uğur olduğunu vurğulayıb.

Rəsmi görüşdən sonra Corc Dik tələbələrə Azərbaycan-İsrail diplomatik əlaqələri haqqında mühazirə oxuyub. Bu əlaqələrin 30 illiyi ilə bağlı danışan səfir İsrailin Azərbaycanın müstəqilliyini tanıdığı bir dövrdə çətinliklər yaşaması və bir çox ölkələr tərəfindən boykot edilməsi kimi məsələlərə toxunub. Azərbaycanın İsrail üçün önəmli müttəfiq olmasına toxunan səfir xüsusi olaraq vurğulayıb ki, bir çox digər ölkələrdə əziyyət və qadağalar görən yəhudi xalqı Azərbaycanda özünü rahat və öz evindəki kimi hiss edir. Səfir əlavə edib ki, yaşadığı bir çox ölkədə tarixən əziyyətlərə və təqiblərə məruz qalmış yəhudilər həmin ölkələri tərk etməyə məcbur qalıblar. Azərbaycanda isə yəhudilər artıq bir neçə yüzilliklər ərzində sabit və hər hansı ayrı-seçkiliyə, təqibə məruz qalmadan yaşayırlar. Səfir tariximizə istinad edərək vurğulayıb ki, Quba xanı Fətəli xan yəhudiləri mümkün xarici təqiblərdən qorumaqdan ötrü qəsəbə salmaq üçün ayrıca bir ərazi ayırmış və onların hər hansı təqibdən uzaq yaşamasını təmin etmişdir. Səfir yəhudilərin bu gün də Qırmızı Qəsəbədə dinc şəraitdə yaşadığını vurğulayıb.

Görüşdə səfir Corc Dik İsrail və Azərbaycan arasındakı münasibətlərin strateji əhəmiyyətə malik olduğunu qeyd edərək, Azərbaycanın İsrail üçün nadir tərəfdaş olduğunu sözlərinə əlavə edib. İsrail və Azərbaycanın multikultural dəyərlərindən söz açan Corc Dik hər iki ölkənin müxtəlif dinin nümayəndələrinə tolerant yanaşdığını qeyd edib. O, fərqli dinlərə malik insanların dinc şəraitdə yaşadığı Azərbaycanın multikulturalizm ənənələri baxımından unikal model olduğunu və Azərbaycanı başqa müsəlman ölkələrinə nümunə olduğunu söyləyib. İsraildə yəhudilər ilə yanaşı müxtəlif dini nümayəndələrin dinc şəraitdə yaşadığını vurğulayan səfir bu istiqamətdə Azərbaycan ilə oxşar xüsusiyyətlərə malik olduğunu söyləyib. Səfir əlavə edib ki, Azərbaycanın bu nümunəsi sonradan İsrailin İordaniya, Səudiyyə Ərəbistanı, Misir timsalında digər müsəlman ölkələri ilə əlaqə qurmasında da nümunə olub.

Corc Dik deyib ki, Azərbaycan və İsrail arasında iqtisadi əlaqələr artan xətt üzrə inkişaf edir və bu, qeyri-neft sektorunu da əhatə edir. Azərbaycan və İsrail arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən diplomat əlaqələrin ölkələrin müxtəlif regionları arasında da inkişaf etdirildiyini vurğulayıb. Səfir sözlərinə əlavə edib ki, Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün çoxlu sayda müxtəlif sahələr mövcuddur, Azərbaycanın bunun üçün geniş imkanları vardır və ölkələr bu istiqamətdə öz təcrübələrini bölüşə bilərlər.

Görüş tələbələrin sualları ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR