Nə Putin, nə də Zelenski... -

Rusiya-Ukrayna müharibəsi getdikcə daha da şiddətlənir. Moskva savaşı dayandırmaq istəmir, rəsmi Kiyev isə Putin hakimiyyəti ilə danışıqlardan qəti şəkildə imtina edir. Bu isə onu deməyə əsas verir ki, Ukraynanı qan gölünə çevirən müharibə hələ uzun müddət davam edəcək.

İndi dünyanı düşündürən əsas sual bu müharibəni kimin dayandıra bilməsidir.

Metbuat.az xəbər verir ki, bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin sona çatmasına birmənalı olaraq yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nail ola bilər.

“Baş vermiş real hadisələr buna sübutdur. Bu məsələdə Türkiyə prezidentinin alternativi yoxdur. Taxılla bağlı razılaşma, girov götürülmüş şəxslərin, mühasirəyə düşmüş hərbçilərin qaytarılması və müxtəlif səviyyəli görüşlərin keçirilib, konkret nəticələrin əldə edilməsi ondan xəbər verir ki, Türkiyənin potensialı çox yüksəkdir. Yeri gəlmişkən, BMT də bunu təsdiqləyir. Tərəflər arasında danışıqlarda Ərdoğan üstün mövqe tutur”, - politoloq şərhində deyib.

Onun sözlərinə görə, həm Rusiya, həm də Ukrayna Türkiyəyə etimad göstərir:

“İndi Birləşmiş Ərəb Əmirliyinin prezidenti də proseslərdə rol oynamağa çalışır. Ancaq onun siyasi çəkisi, tərəflərə təsir imkanları azdır. Türkiyənin təsir imkanları isə daha çoxdur. Rusiya prezidenti Vladimir Putin ölkəsinin Türkiyədə ən böyük qaz qovşağı yaradaraq “Şimal axını” ilə itirilmiş qaz tranzitini Qara dəniz regionuna daşıya biləcəklərini bildirib. Təbii qaz Rusiya iqtisadiyyatının qanıdır. Rusiya tərəfi bu cür strateji təşəbbüsdə Türkiyəyə tərəf müqabili kimi baxır. Bu da Rusiyanın Türkiyəyə böyük etimadının nəticəsidir.

Bundan əlavə, Ukrayna Türkiyədən silahlar alır, humanitar yardımlar əldə edir. Yəni Ukrayna da Türkiyəyə etimad bəsləyir. Ortada illərin təcrübəsi var. Ərdoğan 20 illik hakimiyyəti müddətində Rusiya ilə dialoq aparıb, Putini şəxsən tanıyır. O, bilir ki, Rusiya dalana dirənərsə, hər şey ola bilər. Yəni bu gün Ərdoğan Rusiya ilə bağlı nəsə deyirsə, deməli, bildiyi bir şey var. Türkiyə prezidenti artıq neçə aydır deyir ki, bu müharibənin qalibi ola bilməz. Çünki müharibənin inkişafı nüvə silahı ilə nəticələnə bilər.

Kim deyirsə ki, bu mümkün deyil, həmin şəxs yanılır. Bunu deyən ekspertlər Rusiyanı yaxşı araşdırmalıdır. Həmin insanlar əvvəllər deyirdilər ki, müharibə olmayacaq. Nəticədə müharibə oldu. Rusiyanı, Putini yaxşı tanımayan tərəflər çox böyük səhvlərə yol verdilər. Bu səhvlərin nəticəsi Ukraynada insanların ölümünə səbəb oldu. Əlbəttə, bu faktı Putini təmizə çıxarmır. Ancaq düzgün proqnoz verməyən tərəflərin heçmi günahı yoxdur? Ukraynaya silah vermək, yardım göstərmək olar. Ancaq bütün bunlar insan ölümlərinin qarşısını almır. Əksinə, yardımların həcmi artdıqca, itkinin də miqyası artır”.

Politoloq Ukrayna liderinin Rusiya ilə danışıqlardan imtina etməsinə də münasibət bildirib:

"Zelenski deyir ki, mən Rusiya ilə danışıqlar aparmayacağam. Bizim prezidentimizin Nikol Paşinyanla görüşməmək üçün kifayət qədər əsasları var idi. Ancaq məsuliyyətini dərk edərək, öz hisslərini cilovlayaraq, görüşlərə qatılmışdı. Bu gün Ukraynada baş verənlər sadəcə biabırçılıqdır. Qərbdən fərqli olaraq, Türkiyə prezidenti daha məsuliyyətli addım ataraq bu cür danışıqları təklif edir. Təsəvvür edin ki, bu boyda dünyada başqa nüfuzlu siyasətçi yoxdur. Reallığı olduğu kimi dəyərləndirən adam gözə dəymir. Qərbdə naşı siyasətçilər qəribə fikirlər səsləndirirlər. Makron və qoca Bayden normal düşünülmüş siyasət aparsaydılar, mənzərə fərqli ola bilərdi. Burada Putini təmizə çıxarmıram. Putinin günahı aydındır, ancaq siyasətçi daha məsuliyyətli olmalıdır. Sən haqqın, ədalətin tərəfindəsənsə, fərqli davranıb, təhlükəni olduğu kimi qəbul etməlisən. Təhlükəyə qarşı adekvat mübarizə aparmalısan”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR