Valyuta məzənnələrinə fundamental baxış

Son 1 ildə dünya iqtisadiyyatında artan inflyasiya, qlobal Mərkəzi bankların, xüsusilə FED-in faiz artımları, Rusiya-Ukrayna müharibəsi, eləcə də tənəzzül narahatlıqları ilə iqtisadi gündəliyin əsas mövzularından birinə valyuta məzənnələri çevrilmiş oldu. Ötən ilin sonlarından indiyədək dollar qarşısında türk lirəsinin 70%-dən çox dəyər itirməsi, müharibə səbəbilə rus rublunun çox qısa müddətdə yarıbayarı ucuzlaşıb sonrada iki qat bahalanması, son dönəmlərdə isə dolların şiddətli güclənməsi ilə funt, avro, yen kimi valyutaların bir neçə on illiklərin ən minimum səviyyələrini görməsi iqtisadi lüğətin məzənnə terminini yenidən aktuallaşdırdı.

Nəzəri cəhətdən nominal məzənnə yerli pul vahidinin xarici valyutaya nisbətini ifadə etsə də, reallıqda burada valyuta qismində çoxsaylı maliyyə predimeti çıxış edir (bank əmanətləri, aktivlər, öhdəliklər, digər əməliyyatlar və s.). Yəni, əslində, nominal məzənnənin müəyyən olunduğu valyuta bazarında təkcə avro və dollar (yaxud da digər valyutaların) əsginaslarının qarşılıqlı mübadiləsi deyil, həmin valyutalarla ifadə olunan aktiv və bank əmanətlərinin ticarəti həyata keçirilir. Çünki, investorlar daha çox əməliyyatları maliyyə bazarında gerçəkləşdirir ki, bu zaman onlar istiqraz, səhm və s. aktivlərini aldıqları ölkənin öncə puluna müraciət edirlər. Yəni bu zaman xarici valyuta əməliyyat yox, sadəcə alqı vasitəsinə çevrilir.

Beləliklə, məzənnə iki aktiv, qiymətli kağız və ya maliyyə alətinin bir-birinə qarşı dəyərini müəyyən etmək üçün istifadə edilən maliyyə termininə verilən addır. Həmçinin məzənnə səhmlər, ölkələrin valyutaları, kriptovalyutalardan əlavə qızıl, gümüş, platin kimi qiymətli metallar üçün də istifadə oluna bilməkdədir. Örnək vermiş olsaq, valyutalar üzrə ən bariz məzənnə nümunəsinə EUR/USD və GBP/USD cütlərini misal çəkə bilərik. Valyutalardan başqa ayrı-ayrı aktivlər üzrə də məzənnə məhz valyuta məzənnələri formasında ifadə olunur. Məsələn, kriptovalyutalar üzərindən ən bariz nümunə kimi bitkoinin qiymətini əks etdirən BTC/USD məzənnəsini misal çəkə bilərik.

İştirakçılara, o cümlədən banklara, fondlara və fiziki şəxslərə həm hedcinq, həm də spekulyativ məqsədlər üçün valyuta almaq, satmaq və ya mübadilə etmək imkanı verən bazarlara forex (foreign exchange) bazarı deyilir. Bu bazarda ticarət olunan əsas valyuta cütlərinə isə major məzənnələr deyilir.

Major məzənnələr dünyanın 6 ən qabaqcıl valyutasının xarici dəyərini əks etdirərək aşağıdakılardan ibarətdir:

  • USD (ABŞ Doları)
  • EUR (Avro)
  • GBP (İngilis funtu)
  • JPY (Yapon yeni)
  • CAD (Kanada Dolları)
  • CFH (İsveçrə Frankı)

Major valyutalar həm də ABŞ dollarının mühüm dünya valyutaları səbətinə qarşı nisbi dəyərini izləyən dollar indeksi və BVF tərəfindən ölkələrə ayrılan ehtiyat aktiv – borclanma hesabı olan SDR-in tərkibində də yer almaqdadır.

Major valyutaların başqa valyutalarla yaratdığı cüstlüklərə verilən ad isə minor məzənnələrdir – USD/RUB, EUR/TRY, GBP/CHY və s.

Aparıcı valyutalar olmadan, ayrı-ayrı valyutaların bir-birinə dəyərini əks etdirən nisbət isə ekzotik məzənnələr adlanır. Ekzotik mübadilə kursları inkişaf etməkdə olan bazarlara xas olmaqla, qeyri-likvid, bazar dərinliyi olmayan, son dərəcə dəyişkən və aşağı həcmli mübadiləni əks etdirir. Çünki onlar valyuta bazarında asanlıqla satılmır, standart broker hesabı azdır və bu valyutalarla ticarətin baha başa gəlmə ehtimalı çoxdur.

Məzənnə xüsusən ticarət əməliyyatları, idxal və ixrac baxımından olduqca zəruri məhfumdur. Misal üçün, şirkət xammalı dollarla alıb, satışı avro ilə həyata keçirirsə bu zaman həmin subyekt üçün EUR/USD məzənnəsi xüsusi önəm kəsb edəcəkdir. Bu baxımdan biz son dövrlər Türkiyədə inflyasiya ilə birgə həm də avro/dollar məzənnəsinin gündəmin aktual mövzularından birinə çevrildiyinin şahidiyik. Adətən idxalını dollar, ixracını avro ilə həyata keçirdiyinə görə avro və dolların məzənnəsi Türkiyədə ayın tarixi, saatın dəqiqələri ilə paralel izlənilməkdədir.

Bununla belə, bildirmək lazımdır ki, mübadilə kursu mövzusu təkcə nominal məzənnə ilə yekunlaşmır. Praktikada ölkələr nominal məzənnədən daha çox real məzənnə üzərindən istiqamət götürürlər. Real məzənnə yerli məhsulların qiymətinin xarici məhsulların qiyməti ilə müqayisəsi əsasında hesablanır. Məsələn, 1 AZN=0.58$ nominal məzənnəsində, bu zaman manatın dollara nəzərən ikitərəfli real məzənnəsi nominal məzənnənin iki ölkənin ÜDM deflyatorları nisbətinə hasili yolu ilə əldə ediləcəkdir:

AZN/USD real məzənnəsi =SAZNUSD*P(USD)P(AZN)

SAZNUSD-spot manat/dollar kursu

P(USD)P(AZN)- ABŞ və Azərbaycanın yerli istehsalı üzrə qiymət nisbətləri

Qiymət müqayisəsi əsasında real məzənnənin hesablanması zamanı Laspeyras (istehlak qiymətləri) indeksindən istifadə edilməməsinin səbəbi isə birbaşa idxal ilə əlaqəli məsələdir: çünki istehlak bazarında idxal məhsullarına da təsadüf etmək mümkündür. Nominal məzənnənin dəyişməz qaldığı şəraitdə Azərbaycanda istehsal olunan məhsullar bahalaşarsa, bu real məzənnənin də artmasına səbəb olacaqdır.

Valyuta kursunun müxtəlif (bir neçə) valyutalardan ibarət dəyərini əks etdirən səbət isə valyutanın real effektiv məzənnəsi (REM) adlanır. İqtisad elminə, həmçinin Beynəlxalq Hesablaşmalar Bankının metodologiyasına görə isə, real effetkiv məzənnə real məzənnənin çox tərəfli və ticarət çəkili məzənnəsidir. Başqa sözlə, real valyuta məzənnəsi iki valyutanı ifadə edirsə, REM əsas ticarət tərəfdaşlarının valyutalarına nisbəti ifadə edir.

Ölkəmizdə məzənnənin real formasına 2014-cü ilin sonlarına qədər “Pul siyasəti” icmallarının “valyuta bazarı və manatın məzənnəsi” bölməsində rast gəlmək mümkün idi. 2014-cü ildən sonra bu statistikanın ayrıca açıqlanması dayansa da, digər bir statistika – real effektiv məzənnə mütəmadi olaraq açıqlanmaqdadır (2014-cü ildən əvvəl də açıqlanırdı). Son statistikaya əsasən, Azərbaycan manatının real effektiv məzənnəsi 119.1 bənd (qeyri-neft çəkili REM 107.5) təşkil edib. Bu isə 2015-ci ilin dekabr ayından bəri ən yüksək səviyyə deməkdir.


Pünhan Musayev
İqtisadçı, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR