“Bakı Ayaqqabı Fabriki”nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Bakı Ayaqqabı Fabriki” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Metbuat.az-a Dövlət Xİdmətindən verilən məlumata görə, Binəqədi rayonu, Binəqədi şosesi, 471 ünvanında yerləşən “Bakı Ayaqqabı Fabriki” ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 6.674.024 manat olan 3.337.012 səhmi satışa çıxarılıb.

Müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 5.000.000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.

Müsabiqənin qalibi səhmdar cəmiyyətinin səhmlərinin alınmasına görə dövlət büdcəsinə 3.200.000 manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir.

Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətin səhmlərinin alqı-satqı müqaviləsini imzalamalı, imzalandığı tarixdən 30 gün müddətində təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, həmçinin müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://clck.ru/32PbXM

İddiaçıların ərizə və təkliflərinin qəbulu 17 noyabr 2022-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaqdır.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 18 noyabr 2022-ci il, saat 11:00-dan başlayaraq həyata keçiriləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR