Azərbaycan Dövlət Pedaqoji Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

12:38 19 Yanvar 2015
66 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, Elvira Məmmədova, AzərTAc 
Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdən əvvəl bu ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Universitetdə davam etdirilən anma mərasimində ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının törətdikləri vəhşilikdən danışıb. Bildirib ki, o müdhiş gecədə Azərbaycan xalqına qarşı həyata keçirilən vandalizm, terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. İmperiya rəhbərliyinin bu cinayətkar əməli xalqımızın əzmkar iradəsini, azadlıq uğrunda mübarizəsini qıra bilməmiş, qanlı 20 Yanvar müasir Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu əzmin, mübarizənin sayəsində və qanı bahasına xalqımız azadlığına qovuşub.
Rektor həmin günlərdə ümummilli lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqımıza ən çətin zamanda mənəvi dəstək olduğunu və bu qırğını törədənlərə kəskin etiraz etdiyini, Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.
Sonra ADPU-nun kafedra müdiri, professor Mais Əmrahov “20 Yanvar – qan yaddaşı” mövzusunda məruzə ilə çıxış edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Dovlet_Pedaqoji_Universitetinde_20_Yanvar_sehidlerinin_xatiresi_ehtiramla_anilib-825708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR