Dırnaqarası təlimlərlə İran özünü və rejimi gözdən salır -

“İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər heç bir formada Azərbaycana savaş açmağı ilə nəticələnməyəcək”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. Müsahibimiz hesab edir ki, həm geopolitik situasiya, həm də hazırkı beynəlxalq münasibətlər sistemi İranın Azərbaycanla müharibə etməyi üçün lazım olan imkanları ehtiva etmir.

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazır

Tural İsmayılov

“Azərbaycan hal-hazırda Qərbin çox önəmli enerji partnyorlarından biridir. Digər tərəfdən, Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var və biz Türkiyə ilə Şuşa bəyannaməsi imzalamışıq. Yəni İranın Azərbaycana istənilən hərbi təhdidi Türkiyə ərazilərinə edilmiş təhdid hesab olunacaqdır. Türkiyə də Şuşa Bəyannaməsi və digər Türkiyə ilə Azərbaycan arasında imzalanmış bəyannamələrin ruhuna uyğun olaraq hərbi formada Azərbaycanın yanında yer alacaq və bu zaman təkcə İran Azərbaycanla deyil, Türkiyə ilə də savaşa başlamış olacaq ki, bu da qeyri-mümkün görünür. Bildiyiniz kimi, Azərbaycanın həm hərbi, həm müdafiə sənayesi potensialına görə dəfələrlə İrandan üstün olan Pakistan kimi çox önəmli strateji müttəfiqi var. O da məlumdur ki, Pakistanın da heç də İranla münasibətləri yaxşı deyil. Bununla yanaşı, Azərbaycan İsraillə də bir çox sahələrdə əməkdaşlıq həyata keçirir. Biz nə qədər də Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində daha kəskin mövqe qoymamağını tənqid edirik. Bu gün Xankəndi və ətrafında müvəqqəti yerləşmiş rus sülhməramlılarının bəzi fəaliyyətləri ciddi şəkildə cəmiyyətimizdə antipatiya yaratdığı faktı məlumdur. Amma Rusiya Azərbaycana görə deyil, öz geopolitik maraqları üçün heç bir zaman İranın bu regionda hansı aqressivlik göstərməyinə, ölkəyə savaş açmağına imkan yarada bilməz”.

Tehranın hansısa bir ölkə ilə savaş aparmaq potensialının hazırda olmadığını vurğulayan Tural İsmayılov bildirdi ki, İran nə qədər də ordusunu qüdrətli təqdim etsə də, hər kəsə yaxşı məlumdur ki, İranın yüzlərlə, minlərlə Rusiyaya satdığı “Şahed” və digər pilotsuz uçuş aparatları Azərbaycanın Türkiyədən aldığı “Bayraqdar”la, İsraildən aldığımız “Haropa” və digər müdafiə sənayesi məhsulları ilə müqayisədə çox zəifdir.

“Bildiyiniz kimi İranın tərkibində 40 milyona yaxın azərbaycanlı var və onlar İran ordusunda, İran hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışırlar. Birinci hərbi təlimlər zamanı da biz gördük ki, Azərbaycan əsilli zabitlər, əsgərlər boz qurd işarəsi tutub sosial şəbəkələrdə paylaşırdılar. Yəni ordunun hansısa Azərbaycana qarşı real bir təhdidi baş verərsə, azərbaycanlı faktoru ilk növbədə İranın qarşısında, müdafiə parametrini formalaşdıracaq. Mən hesab edirəm ki, bu da daxili parçalanmaya səbəb olacaq. İranın hərbi təlimlər keçirməsində ikinci məqsəd daxildə baş verən narazılıqlarla da bağlıdır.

Digər tərəfi burada İranın iki məqsədi var. Bir aydan çoxdur ki, İranın bütün şəhərlərində etiraz aksiyaları keçirilir. Küçələrdə qadınlar hicabsız gəzir, hüquq mühafizə orqanları ilə qarşılıqlı şəkildə silahlı küçələrdə atışmalar gedir. İranın uzun illər formalaşdırmağa çalışdığı daxili tarazlıq və sabitlik tamamilə yerlə yeksan olubdur. Hesab edirəm ki, bu prosesin qarşısı heç bir formada alınmayacaq və İran məcbur olub mütləq şəkildə insan haqlarına hörmət edən normal demokratik islahatlara start verəcək. Hazırda İran daxildəki bu qarışıq günlərdən fikri yayındırmaq üçün Azərbaycan Türkiyə sərhədində təlimlər edərək cəmiyyətin fikrini məşqul etməyə çalışır”.

Tehranda qəzəbli insanlar etirazlara mane olan "Bəsic" zabitini yandırdılar -

Tural İsmayılov İranın Zəngəzur dəhlizi faktorundan da ciddi formada narahat olduğunu bildirərək, xüsusilə qeyd etdi ki, İranın ən böyük qorxularından biri quru yolu açıldıqdan sonra gələcəkdə Türk Dövlətləri Təşkilatının hərbi birliyinin yaranması məsələsidir.


“Əgər, bu gün NATO, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı varsa, Türk Dövlətləri Təşkilatının hansısa bir hərbi birliyi olmalıdır. Bu yaxınlarda Prezident İlham Əliyevin Özbəkistana səfəri oldu. Bu səfərdən sonra Daşkənd bəyannaməsi imzalandı. Bu bəyannamələr istənilən halda gələcəkdə Türk Dövlətləri Təşkilatının hərbi birlik modelini yaratmaq perspektivlərini indidən proqnozlaşdırmağa əsas verir. İran quru xətti açıldıqdan sonra həmin bu yarana biləcək hərbi birliyi indidən özü üçün hansısa bir dırnaqarası təhdid sayır. Azərbaycan bu günə qədər öz ərazisindən hansı üçüncü dövlətin İran əleyhinə fəaliyyət göstərməyinə şərait yaratmayıb. Heç bir il deyil ki, Azərbaycan İranla Tehran memorandumu imzalayıb. Azərbaycanın digər əraziləri ilə Naxçıvanın quru əlaqəsinin İran ərazisindən gerçəkləşməsini özündə ehtiva edən Tehran memorandumu mühüm töhfələr verə bilər. Həmçinin bilirsiniz ki, Azərbaycan Prezidenti işğaldan azad edilmiş İranla sərhəd bölgələrinə səfər edərkən həmin sərhəd bölgələrini dost sərhədləri, İran isə dost dövlət adlandırmışdı. Bu gün Azərbaycan heç bir beynəlxalq təşkilatda bu günə qədər İran əleyhinə hansı sanksiya və qətnamələrdə Azərbaycanın imzası yer almayıb. İranın bu gün daxilində çox ciddi problemlər var. İran ciddi dəyişiklik astanasındadır və hesab edirəm ki, bu tip hərbi təlim və s. bunlar ancaq blefdir və bunun belə olduğunu da bütün dünya yaxşı bilir. Dırnaqarası təlimlərlə İran özünü və rejimi gözdən sala bilər”.

Hazırladı: Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR