Consonu devirdi, Trassı "yola saldı", həyat yoldaşının hesabına milyonçu oldu... -

Böyük Britaniya siyasi tarixinin ən çətin dövrlərindən birini yaşayır.

Metbuat.az xəbər verir ki, 44 günlük Liz Trass dövründən sonra Baş nazir seçilən Rişi Sunak bir sıra ilklərə imza atdı. Rişi Sunak Britaniyanın hökumət başçısı vəzifəsinə seçilən Hindistan əsilli ilk Baş naziri olub. 42 yaşlı Sunak həm də 200 ildən sonra krallığın ən gənc Baş naziri olub. Maraqlıdır ki, ailəsi əslən Pəncab vilayətindən olan Sunakın Baş nazir seçildiyi gün hindular üçün ilin ən önəmli festivalı olan Divali bayramı ilə eyni günə təsadüf edib.

Hələ iyulda Boris Consonun istefa verməsindən sonra Liz Trassla Baş nazir postu uğrunda mübarizə aparan Rişi Sunak, qadın rəqibinin iqtisadi planlarını tənqid etmişdi. O bildirmişdi ki, Trassın irəli sürdüyü layihələr onun hökumətdən getməsinə səbəb olacaq. Conson hökumətində maliyyə naziri işləyən Rişi Sunakın proqnozları özünü doğrultdu. Sunak Consonun Baş nazir seçilməsində və onun hakimiyyətdən getməsində də rol oynayıb.

42 yaşlı Sunak təkcə siyasi karyerası ilə deyil, var-dövləti ilə də tanınan siyasətçidir. Onun sərvətinin Britaniya kralı 3-cü Çarlzdan çox olduğu irəli sürülür. Bəzi mənbələrdə Sunakın həyat yoldaşı ilə birgə sərvətinin 730 milyon funt sterlinq olduğu yazılır. Sunakın ailəsi İngiltərəyə köçəndən sonra o iş həyatına ailəsinə məxsus kiçik dükanda işləməklə başlayıb. Ailəsi Sunaka yaxşı təhsil vermək üçün onu İngiltərənin ən nüfuzlu təhsil mərkəzlərindən biri olan Vinçestr kollecinə göndərib. Ardınca Sunak Oksford universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb. Ardınca o daha yüksək dərəcəli təhsil almaq üçün Stanford universitetinə qəbul olub. Siyasətçi burada təhsil alarkən nüfuzlu “İnfosys” şirkətinin qurucularından olan hind əsilli milyarder Narayana Martinin qızı, hazırki həyat yoldaşı Anşata Marti ilə tanış olub. Bu müddətdə Sunak “Goldman Sachs” şirkətində işləməyə başlayıb.

42 yaşlı siyasətçinin pandemiya dövründəki maddi dəstək proqramları onun xalq arasındakı nüfuzunu artırıb. Onun və həyat yoldaşının adı bir sıra vergi iddialarında hallansa da, Sunak xəzinəyə daha çox vəsait ödəməklə iddiaların öhdəsindən gəlib. Sakinlər inflyasiya ilə mübarizə aparan Britaniyada milyonçunun Baş nazir postuna gəlməsini sevinclə qarşılasa da, Sunakın iqtisadi problemlərin öhdəsindən necə gələcəyi maraqla gözlənilir. Qeyd edək ki, birjaların Sunakın baş nazir seçilməsinə ilk reaksiyası müsbət olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR