Bu il hərrac və icarədən dövlət büdcəsinə 73,6 milyon manat vəsait daxil olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 48 hərrac keçirilib.

Metbuat.az-a Dövlət Xidmətindən verilən məlumata görə, hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 410 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 322 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 86 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində hərrac vasitəsilə 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

Bu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 53,8 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 9 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində yüksək nəticələr əldə edib. Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 3.170 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 646-sı qeyri-yaşayış sahələri üzrə, 2 524-ü isə torpaq sahələrinə dair olub. Bu, 2021-ci ilin 9 ayı ilə müqayisədə 1.973 və ya 2,6 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin 9 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 19,7 milyon manatdan çox vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 73,6 milyon manat vəsait büdcəyə daxil olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR