Əkin üçün tövsiyə olunan buğda və arpa sortları haqqında kataloq çap olunub -

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə birgə hazırladığı “Azərbaycanın rayonlarında əkin üçün tövsiyə olunan buğda və arpa sortları” adlı kataloq işıq üzü görüb.

Metbuat.az-a Nazirlikdən verilən məlumata görə, kataloqun hazırlanmasında məqsəd respublikanın müxtəlif aqroekoloji şəraitinə uyğun, qlobal istiləşmə fonunda müxtəlif abiotik və biotik stress amillərinə davamlı, yüksək məhsuldar və keyfiyyətli toxum sortları barədə fermerləri məlumatlandırmaqdır.

Kataloqda Azərbaycanın rayonlarında becərilməsi üçün buğda və arpa sortlarının seçiminə dair tövsiyələr yer alıb. Bu tövsiyələr fermerlərə əkin apardıqları raynun iqlim şəraitinə uyğun toxum seçməkdə köməklik göstərəcək.

Düzgün toxumun seçimi kənd təsərrüfatının strateji sahəsi olan taxılçılıqda məhsul istehsalının artırılmasını təmin edən əsas amillərdən biridir. Kataloqda ölkənin bütün rayonları üzrə dağlıq və dağətəyi dəmyə və Aran və dağətəyi suvarılan ərazilər üzrə yumşaq və bərk buğda, eyni zamanda arpa sortlarının təsnifatı verilib. Ümumilikdə kataloqda yerli şəraitə uyğun olması baxımından 40-dək buğda və 15-dək arpa sortunun rayonlar üzrə təsnifləndirilməsi aparılıb.

“Azərbaycanın rayonlarında əkin üçün tövsiyə olunan buğda və arpa sortları” kataloqu fermerlərə payızlıq əkinlər zamanı düzgün toxum və sort seçimi etməyə, yekunda daha çox məhsul götürməyə imkan verəcək. Kataloqdan həmçinin taxılçılıqla bağlı fermerlərə keçirilən təlimlərdə tədris vəsaiti kimi istifadə etmək nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR