Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilib.

Metbuat.az xəbər verir ki, qurultayda Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimovla yanaşı, ölkənin ədəbiyyat xadimləri, yazıçı, şairlər, həmçinin dünyanın bır sıra ölkələrindən fəxri qonaqlar iştirak edib.

Qurultay dövlət himnimiz və vəfat edən yazıçı, şairlərin, həmçinin şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən Xalq yazıçısı Anar qurultayın 2019-cu ildən bu yana gecikməsinə diqqət çəkib:

"Mən qurultayın gecikməsi məsələsinə, əslində, bir qədər sevinclə yanaşıram. Çünki bu gün bu qurultay qalib ölkənin nümayəndələri, yazıçı və şairləri kimi keçiririk. Biz bu uğuru cənab Prezident, Cənab Ali Baş Komanda İlham Əliyevə və Ordumuza minnətdarıq".

Anar Türkiyənin keçmiş mədəniyyət naziri Namık Kamal Zeybekin Yazıçılar Birliyinin Fəxri üzvü seçilməsini təklif edib.

Filologiya elmləri doktoru, professoru Nizami Cəfərov İsa Muğannanın ev muzeyinin yaradılması təşəbbüsünü edib:

"İsa Muğannanın ev muzeyinin rəsmi statusu yoxdur. Hesab edirəm ki, dünya şöhrətli yazıçımızın yaşadığı həmin evə rəsmi ev muzeyi statusu verilməlidir. Bu, vacibdir".

AYB katibi, şair Səlim Babullaoğlu bədii tərcümə mərkəzinə göstərilən qayğısızlıqdan bəhs edib:

"Bədii tərcümə mərkəzi işləməlidir, bunu hər hansısa bir qurumla səhv salmaq olmaz. Həmin qurumu büdcədən məhrum etmək olmaz, qəti olmaz. Mədəniyyəti mədəniyyət edən onun davamlılığıdır. O baxımdan, biz də qoyduğumuz ənənələri davam etdirməliyik".

Azərbaycan jurnalının baş redaktoru İntiqam Qasımzadə mətbuat yayımı ilə bağlı diqqət çəkən problemlərə toxunub:

"Bakı şəhərinin hər tinində qəzet və jurnal köşkləri var. Amma bu köşklərdə nə desən, satılır. Bir roman, bir hekayə, bir şeir yazıldığı halda oxuculara çatdırılırmırsa, onun heç bir əhəmiyyəti yoxdur. Mətbuat yayımı yazıçı ilə oxucu arasında əlaqə deməkdir. Bu əlaqə olmadan yaradılan ədəbiyyat əhəmiyyətini itirir".

Jurnal redaktoru ölkədəki kitabxanaların sayının artırılması məsələsini də vurğulayıb:

"Ölkədaxili kitabxanaların sayı artırılmalıdır. Bu məsələlərə diqqət yetirilməlidir. Təhsil ocaqlarında da vəziyyət acınacaqlıdır. Nə jurnal alan var, nə qəzet. Ədəbiyyat uşaqlara, xüsusən də gənclərə çatdırılmalıdır. Bu məsələ ilə ilk növbəti aidiyyəti idarələr məşğul olmalıdır".

Gənc şair Ramil Əhməd çıxışında Yazıçılar Birliyinə üzv seçimində yeni meyarların təyin olunmasını təklif edib.

Xalq şairi Vahid Əziz yazıçı və şairlərlə bağlı verilən sərəncamların icrasında AYB-nin də səlahiyyətinin vacibliyini vurğulayıb:

"Yazıçı və şairlərlə bağlı verilən sərəncamlarda Yazıçılar Birliyinin də səlahiyyətlərinin olması vacibdir. Yazıçılar Birliyi, bir növ, yazıçı və şairlərin Nazirliyidir. Hesab edirəm ki, yazıçı və şairlərlə bağlı bu cür sərəncamlarda iş icrası üçün birliyə də səlahiyyət verilməlidir".

Çıxışlar bitdikdən sonra açıq səsvermə keçirilib və Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri vəzifəsinə seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR