İnsan beyni hadisələrin ardıcıllığını necə izləyir? Tədqiqatlar göstərir ki, "zaman hüceyrələri" - yəni insan beynindəki hipokampus bölgəsindəki neyronlar baş verən hadisələri verdiyi düzgün ardıcıllıqla xatırlaya bilməmiz üçün xatirələrimizi düzgün ardıcıllıqla birləşdirən "yapışqan" ola bilər.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu araşdırma barədə məqalə “The Journal of Neuroscience” jurnalında dərc olunub.
Belə ki, zaman hüceyrələrinə dair sübutlar əvvəllər siçovullarda tapılıb.
Burada xüsusi neyron birləşmələrinin hadisələrin xatırlanmasını və hərəkət ardıcıllığının planlaşdırılmasını dəstəklədiyi düşünülür. Lakin uzun müddətdir ki, insan beynində epizodik yaddaşın necə olması və hərəkətlərin ardıcıllığının necə kodlaşdırılması barədə az məlumat var idi.
Fransadakı Beyin və İdrak Tədqiqat Mərkəzindən (CerCo) nevroloq Leyla Reddinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu araşdırma aparıb. Onlar hipokampusa implantasiya edilmiş mikroelektrodlardan istifadə edərək 15 epilepsiya xəstəsinin beynindəki elektrik aktivliyini izləyib.
"Epizodik xatirələr yaratmaq təcrübənin fərqli hadisələrini müvəqqəti bağlılıqla əlaqələndirməyi tələb edir", - deyə tədqiqatçılar keçən il dərc olunmuş araşdırmalarında izah ediblər.
Təcrübələr beyində tutmaların mənbəyini təyin etmək üçün elektrodlardan istifadə edilən tibbi testlər zamanı aparılıb. Təcrübələrdə iştirakçılara əvvəlcədən müəyyən edilmiş ardıcıllıqla şəkillər təqdim edilib və onlardan ardıcıllığı yadda saxlamaları istənilib. Sessiyalar zamanı həm şəkillərin göstərildiyi, həm də göstərilmədiyi zaman aralığında, həm də şəkillərin hansı sırayla gələcəyinin təxmin edilməsi soruşulan fasilələrdə elektrodlar eksperimentə cavab olaraq hipokampusdakı xüsusi neyronları qeyd edib.
Tədqiqatçıların fikrincə, qeyd edilən bu neyronlar zaman hüceyrələrinin sübutudur.
Tədqiqatçılar qeyd edir ki, bu neyronların bəziləri eksperimentlərdə şəkillərin ardıcıllığını yadda saxlamaq və ya xatırlatmaqla aktiv şəkildə iştirak edib, lakin bəziləri isə heç bir vizual stimul olmadıqda da aktiv olub, hətta xüsusi bir şey baş vermədikdə belə onlar zaman axınını "kodlaşdırıb".
"Zaman hüceyrələrinin bu boş dövrlərdə bir-birinin ardınca işlədiyi müşahidə edildi. Bu boşluq dövrlərində müvəqqəti modulyasiya xarici hadisələrlə idarə oluna bilməzdi; əksinə, bu gözləmə müddətində xəstələrin təcrübələrindəki dəyişikliklər nəticəsində inkişaf edən müvəqqəti siqnalı təmsil edirlər", - araşdırmaçı alimlər deyib.
Tədqiqatçıların fikrincə, insan beynindəki zaman hüceyrələri çoxölçülüdür, zamanla əlaqəli məlumatları kodlamağa qadirdir, eyni zamanda müxtəlif növ sensor məlumat və ya stimullara cavab verir.
Komandanın fikrincə, insan beyninin "nə", "harada" və "nə vaxt" kimi düşünməsinin, xatirələri bir biriylə birləşdirib ardıcıllıq yarada bilməsinin də səbəbi neyronların çoxölçülü olmasıdır.
"Keçmişi yenidən yaşamaq təcrübəmizin mərkəzi, müəyyən bir yerdə və müəyyən bir zaman qaydasında baş verən xüsusi hadisələri parlaq şəkildə xatırlamaq qabiliyyətimizdir. Apardığımız təcrübələr insan beynindəki hipokampal neyronların zaman axını təmsil etdiyinə dair əlavə sübutlar təqdim edir", - tədqiqatçılar bildirib.