29 il əvvəl törədilmış ağır cinayətin üstü açılıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən birgə həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 29 il əvvəl törədilərək bağlı qalan xüsusilə ağır cinayətin açılması təmin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə hər iki qurumun birgə yaydığı məlumatında bildirilib.

Belə ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzilində odlu silahdan açılmış atəş nəticəsində güllə xəsarətləri ilə meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib.

Prokurorluq və polis orqanları tərəfindən həyata keçirilən çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilən sübutlarla müəyyən edilib ki, 26 noyabr 1993-cü il tarixdə zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramov aralarında yaranan narazılığa görə Fikrət İbrahimovun evinə gedib onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb Fikrət İbrahimovun baş nahiyəsinə atəş açmaqla hadisə yerindən uzaqlaşıb.

28 oktyabr 2022-ci il tarixdə Nazim Bayramova 01.09.2000-ci il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və hazırda qüvvədə olan həmin Məcəllənin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR