Qurbanov "Frayburq"la oyunöncəsi DANIŞDI:

"Qrupda məğlubiyyəti olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi artıq tanıyırıq, oyunçularına bələdik. Futbolçularıma güvənirəm. Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik".

Metbuat.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində Bakıda Almaniyanın “Frayburq” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, bütün fikri bu oyundadır: “Qarşımızda intizamlı və güclü komanda var. Ona görə də istəyirik ki, tam gücümüzlə bu matça köklənək. Bəzi komandalar lazımi nəticəni əldə edəndə daha rahat oynayırlar. Bəzən isə xal lazım olan komandada gərginlik daha çox olur. Biz daha çox öz oyunumuzu fikirləşirik. Amma sabah rəqibin niyyətini daha dəqiq biləcəyik. Görək, hansı heyətlə çıxacaqlar və necə oynayacaqlar?

Biz hamımız peşəkarıq. Bilirik ki, ya qalib gələcəyik, ya da məğlub olacağıq. “Nant”la oyunumuzdan sonra Şahruddin Məhəmmədəliyevin adı çox hallandı. Səhvsiz futbolçu yoxdur. Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır. Azarkeşlərimizi də yaxşı başa düşürəm. Həmişə onlara güvənmişik. Hamımız birlikdə gücümüzü bir edib rəqiblərə qalib gələ bilərik. Amma bu cür hallar pis təsir edir. Bununla belə, hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Futbolçuların hamısı başa düşür ki, bu cür oyunlarda özlərini necə aparmaq lazımdır”.

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR