Vətən müharibəsi zəfərinin ikinci ildönümünə həsr olunan konfrans keçirilib -

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsi zəfərinin ikinci ildönümünə həsr olunan “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” adlı konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, konfransda bildirilib ki, Vətən müharibəsi zəfərinin ardınca Azərbaycanın hərb meydanında möhtəşəm qələbəsininin siyasi və diplomatik müstəvilərdə möhkəmləndirilməsi, şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin təşkili, işğaldan azad edilmiş ərazilər üzrə yeni dövlət idarəetmə modelinin tətbiqi, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, iqtisadi və sosial infrastrukturun yaradılması, sənaye parkları, aqroparklar, vergi-gömrük güzəştləri, kreditlərin və investisiyaların sığortalanması mexanizmi və digər dövlət təşviqlərindən istifadə etməklə iqtisadiyyatın canlandırılması, yaşayış məntəqələrinin planlı şəkildə bərpası, əhalinin böyük qayıdışının təşkil edilməsi və Ermənistanın işğal dövründə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi siyasəti paralel olaraq həyata keçirilib.

Prezident İlham Əliyev post-konflikt quruculuğunu daxili imkanlar hesabına və daha yüksək səviyyədə təşkil etməklə yeni bir model ortaya qoyub.

Konfrası Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açıq elan edib. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Post-konflikt qurulucuğu modeli", Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Yeni idarəçilik modeli”,Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı”, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Post-müharibə dövründə sosial dəstək siyasəti”, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov “Yaşıl enerji zonası”,"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov “Post-müharibə dövründə informasiya siyasəti” mövzularında çıxışlar ediblər.

Konfrans zamanı İİTKM-in Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr olunan “Yeni Qarabağnamə” kitabının təqdimatı həyata keçirilib və Zəfər gününə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Konfransda Yeni Azərbaycan Partiyasının üzvləri, millət vəkilləri, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR