“Çovdar” mədənində Zəfər Günü qeyd olunub -

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Zəfər Gününə həsr olunmuş görüş keçirilib. Görüşdə ölkəmizin müstəqiliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş “AzerGold” əməkdaşları, Səhmdar Cəmiyyətdə çalışan şəhid ailələrinin üzvləri iştirak ediblər.

Metbuat.az-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov açaraq, görüş iştirakçılarını cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi qələbənin növbəti ildönümü – Zəfər Günü münasibətilə təbrik edib, göstərdikləri fədakarlığa görə onlara dərin minnətdarlığını ifadə edib.

İdarə Heyətinin sədri şanlı Ordumuzun əldə etdiyi zəfərin tarixi-siyasi əhəmiyyətini vurğulayıb, parlaq qələbənin hər bir azərbaycanlının qürur duyduğu böyük hadisə olduğunu qeyd edib. Z.İbrahimov Cəmiyyətin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşları Rauf Əsgərov və Muxtar Qasımlının xatirəsini anaraq, bu qələbədə igid şəhid və qazilərimizin əvəzsiz payı olduğunu diqqətə çatdırıb.

Görüşdə dövlətimiz tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən hərtərəfli diqqət və qayğının Azərbaycan dövlətinin sosial xarakterli siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb, bu sahədə davam etdirilən fəaliyyətə dəstək məqsədilə Səhmdar Cəmiyyət tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.

Daha sonra Cəmiyyətin Birinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları – Tahir Kərimov, Elxan Quliyev və Saleh Hüseynov çıxış edərək, 44 gün davam edən və torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsinin ölkəmizin hər bir vətəndaşının həyatında dönüş nöqtəsi olduğunu qeyd edib. Cəmiyyətin İkinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları – Asif Heydərov və Elman Bünyatov isə döyüş əməliyyatları ilə bağlı xatirələrini bölüşüb, qazanılan qələbənin cənab Prezidentin qətiyyəti, yüksək sərkərdəlik məharəti, onun ətrafında formalaşmış sarsılmaz xalq-iqtidar-ordu birliyinin parlaq təzahürü olduğunu bildiriblər.

Çıxışlardan sonra görüş iştirakçılarına Zəfər Günü münasibətilə təşəkkürnamələr təqdim edilib, “Mənim atam qəhrəmandır” mövzusunda təşkil edilən rəsm sərgisinə baxış keçirilib. Müharibə iştirakçısı olan “AzerGold” əməkdaşlarının övladlarının rəsm əsərlərinin nümayiş olunduğu sərgi böyük maraqla qarşılanıb, müəlliflərə Səhmdar Cəmiyyət adından xatirə hədiyyələri təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR