Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Bu gün 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Metbuat.az xəbər verir ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhüriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Bayrağımızdakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə olub.

1920-ci ilin aprelin 27-də bolşevik işğalından sonra üçrəngli bayrağımız və onun təmsil etdiyi ali dəyərlərimiz unutdurulmağa çalışılsa da, Azərbaycan xalqı öz istiqlaliyyət rəmzini unutmadı.

Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Ümummilli liderin öndərliyində Azərbaycan xalqı öz üçrəngli istiqlaliyyət simvoluna 70 il sonra yenidən qovuşdu.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib. Həmin dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Bayıl ərazisində Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Bu gün Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunur. Belə ki, ötən ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnib. Azərbaycan ordusu 30 ildən sonra işğala son qoyaraq şanlı üçrəngli bayrağımız Qarabağda dalğalandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.

Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.

Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR