Britaniya hökumətinin üzvü

Böyük Britaniya hökumətinin üzvü, portfelsiz nazir (hər hansı nazirliyə rəhbərlik etməyən, yalnız Baş nazirin tapşırıqlarını yerinə yetirən və hökumətin iclaslarında həlledici səsə malik olan hökumət üzvü -red) Qevin Uilyamson hakim Mühafizəkarlar Partiyasının digər üzvlərinə qarşı pis rəftarla bağlı iddialarla əlaqədar vəzifəsini tərk edib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Uilyamson tviter sosial şəbəkəsində Baş nazir Rişi Sunaka ünvanladığı istefa məktubunda bildirib.

Uilyamsonun vəzifəsindən gedişi oktyabrın 25-dən Britaniya hökumətinə başçılıq edən Sunakın kabinetində ilk istefadır.

"Bildiyiniz kimi, həmkarıma göndərdiyim sms-lərə görə hazırda mənə ünvanlanan şikayətlərə baxılır. İstintaqa rəhbərlik edənlərlə əməkdaşlıq edirəm və məndən mesaj alan şəxsdən üzr istədim", - hökumət üzvü sosial şəbəkədə yazıb. Uilyamson əlavə edib ki, ona qarşı başqa ittihamlar da irəli sürülüb, lakin bunu rədd edir.

"Etiraf edirəm ki, hazırkı vəziyyət diqqəti bu hökumətin Britaniyanın xeyrinə uğurla gördüyü işdən yayındırır. Ona görə də kabineti tərk etmək qərarına gəldim", - o əlavə edib.

Qevin Uilyamson hələ 2019-cu ildə Böyük Britaniyanın Müdafiə naziri Milli Təhlükəsizlik Şurasının iclasında məlumat sızmasının araşdırılmasından sonra istefaya göndərilmişdi. Həmin vaxt o, Baş nazir Tereza Meyin etimadını itirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR